Bakı, 22 yanvar, AZƏRTAC
Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Panama kanalına nəzarət planları fonunda təşkilata şikayət ünvanlayıb.
AZƏRTAC “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterrişə göndərilən məktubda Trampın inauqurasiya nitqi əsas gətirilərək, onun Panama kanalını ələ keçirmək niyyətindən narahatlıq ifadə edilib.
“Biz xahiş edirik ki, mesajımız BMT Təhlükəsizlik Şurasının 15 üzvünə çatdırılsın”, - məktubda belə deyilir.
Donald Tramp prezident vəzifəsinə başladıqdan sonra ilk çıxışında deyib ki, Panama hakimiyyəti kanalı düzgün idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək. O, əvvəllər də Panama kanalını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətindən danışıb və güc tətbiqini istisna etməyib.
Panama Prezidenti Xose Raul Mulino da öz növbəsində ABŞ-ın kanalla bağlı iddialarına etirazını bildirib.