AMEA Rəyasət Heyətinin Biologiya və Tibb Elmləri Bölməsinin illik hesabat tədbirində “Onkoloji ginekologiya” adlı monoqrafiya təqdim olunub
Monoqrafiyanın müəllifləri akademik, SSRİ Dövlət Mükafatı laureatı, ATU-nun Onkoloji Klinikasının direktoru Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Əməkdar müəllimi, tibb elmləri doktoru, ATU-nun Onkoloji Klinikasının direktor müavini, professor Abuzər Qazıyev və uzman doktor Əkbər İbrahimovdur.
Müəlliflər qeyd edirlər ki, onkoginekoloji xəstəliklərin profilaktikası, erkən diaqnostikası və uğurlu müalicəsi məsələləri bədxassəli şişlərlə mübarizədə prioritet istiqamətlərdən biri hesab olunur. Göstərilən vəzifələrin həlli isə həm onkologinekologiya sahəsində müasir elmi biliklərə malik kadr hazırlığını şərtləndirir, həm də onkoginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislərin bu xəstəliklər barədə yenilikləri daim izləmələrini və praktik olaraq tətbiq etməyi bacarmalarını tələb edir. Bu isə onkoloji ginekologiyaya dair daim yenilənən ədəbiyyatların olması sayəsində mümkündür.
On üç fəsildən ibarət monoqrafiyada qadın cinsiyyət orqanlarının onkoloji xəstəlikləri geniş şərh edilib. Burada onkoginekoloji xəstəliklərin epidemiologiyası, etiologiya və patogenezi, yayılma və metastaz verməsi, klinikası, diaqnostika və müalicə məsələləri geniş izah olunub. Həmçinin klinik anatomiya, cərrahi texnikalar, sitoreduktiv prosedurlar və hipertermik intraperitoneal kimyəvi terapiya haqqında ətraflı məlumat verilib və müasir klinik onkoginekologiyanın digər aktual məsələləri işıqlandırılıb. Kitab çoxsaylı şəkil, cədvəl və qrafiklərlə illüstrasiya edilib, elmin son nailiyyətlərini özündə əks etdirir.
Monoqrafiyadan onkoloqlar, onkoginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə doktorantura və rezidentura təhsili alan, təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində onkoginekoloji xəstəliklərlə rastlaşan həkimlər istifadə edə bilər.