Rəqəmsal transformasiyanın iqtisadi artımın əsas faktoru olduğu, sürətlə dəyişən qlobal şəraitdə Azərbaycan həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaratmaqla rəqabətqabiliyyətli mövqe tutmaq üçün tədbirlər görür.
Bu barədə Dünya İqtisadi Forumunun (DİF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında deyilir.
Hesabatda ölkəmizdə reallaşdırılan “Digital FDI” layihəsinə toxunulub. Qeyd olunur ki, bu layihə bir sıra strateji görüşlərlə başlayıb. Azərbaycanın rəqəmsal iqtisadiyyatında fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələrlə keçirilən sorğular və müsahibələr bazar dinamikası, çağırışlar və potensial haqqında ətraflı məlumat əldə etməyə imkan verib.
DİF vurğulayır ki, “Digital FDI” təşəbbüsü artıq Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin inkişafına əhəmiyyətli təsir göstərir. Seminarlar bilik mübadiləsinə və yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşdırılmasına strateji dəstək verib. Şirkətlər və startaplar öz rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək və inkişaf sahələrini müəyyənləşdirmək üçün praktiki tövsiyələr alıblar ki, bu da onların investisiya cəlb etməsinə və fəaliyyətini genişləndirməsinə şərait yaradır.
Layihə çərçivəsində “InvesTech” kalkulyatoru yaradılıb – bu, rəqəmsal investisiya mənzərəsi haqqında aydın məlumat təqdim edərək investisiya qərarlarının qəbulunu sadələşdirmək üçün nəzərdə tutulub. Bu alət layihənin strategiyasının mühüm hissəsini təşkil edir və prosesin şəffaflığını artırmaqla yanaşı, daha çox birbaşa xarici investisiya cəlb etməyə yönəlib.
Hesabatda fikirlərinə yer verilən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” təşəbbüsü (2024-cü ilin iyun ayında dərc edilib – red.) Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaradılmasında nailiyyətlərini yüksək qiymətləndirib.
Hesabatda vurğulanır ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşmanın inkişafı və müvafiq addımların atılması ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.