Son zamanlar arıqlamaq üçün kimyəvi çaylardan və arıqlama preparatlarından istifadə edənlər az deyil. Bu vasitələr insan səhhətinə də öz təsirlərini göstərir. Vətəndaşların da sözlərindən belə çıxır ki, hər gün reklam olunan bu vasitələr insan səhhətinə təsirsiz ötüşmür. İdmana tənbəllik edən, pəhrizlərə səbri çatmayanlar dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tuturlar.
Mövzu ilə əlaqədar dietoloq Ceyhunə Yusifova bildirib ki, arıqlama çaylarının insan səhhətinə həm mənfi, həm də müsbət təsirləri var: “Yaxşı təsiri odur ki, həqiqətən də arıqlama çayları, xüsusən də yaşıl çay metobalizmanı artırmağa kömək edir, kalori yandırmasını sürətləndirir. Arıqlama proseslərini dəstəkləyir. Çaylar insanın bədənində susuzluğu aradan qaldırır və bədəndə qan dövranını artıraraq arıqlama prosesini dəstəkliyir. Lakin arıqlama vasitələrinin bir çox zərərləri var ki, bunların başında bağırsaq problemləri gəlir. Məsələn, ishala səbəb olur, bədəni susuzlaşdırır. Bununla da bədəndə suyun miqdarı azalır. Bəzi çaylarda kofein təsiri var. Onların da çox istifadəsi yuxusuzluğa, narahatlığa, baş ağrılarına və s. gətirib çıxarır”.
Bəzi arıqlama çaylarının tərkibində kimyəvi əlavələr, sibutramin maddəsi var ki, bu da daha çox istifadə olunduqda ölümə qədər gətirib çıxara bilir. Ona görə də, yaxşı olar ki, hər hansı arıqlama prosesinə başlamadan öncə bir mütəxəssislə, dietoloqla məsləhət edə, təbii bitkilərin çaylarını seçə və balanslı qidalanma ilə arıqlayasınız.
Leyla Səməndər