AZ

Məhkəmə Bəhruz Səmədovu həbsdə saxlayıb

Yanvarın 22-də  Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, Səmədovun həbs müddəti uzadıldıqdan sonra onun ev dustaqlığına keçirilməsi ilə bağlı yeni vəsatət qaldırılıb.

“Biz istintaqın davam etdirilməsinin əleyhinə deyilik, çünki Səmədov özünü təqsirli hesab etmir və bunu istintaq zamanı sübut etmək niyyətindədir”, - deyə vəkil bildirib.

Lakin müdafiə tərəfi istintaq zamanı Səmədovun ev dustaqlığına buraxılmasının tərəfdarıdır.

“Biz məhkəmədən onun 82 yaşlı nənəsinin sağlamlıq vəziyyətinin nəzərə alınmasını xahiş etdik. Yaşlı qadının Bəhruzdan başqa heç kəsi yoxdur. Gəncin həbsindən sonra qadının səhhəti kəskin pisləşib və demək olar ki hər gün 2-3 dəfə ona “təcili yardım” gəlir. Ona görə də məhkəmədən xahiş etdik ki, Səmədovu  yaşlı, xəstə nənəsinə baxması üçün istintaq zamanı azadlığa buraxsınlar. Bununla belə o, istənilən vaxt istintaqa çağrəla bilər”, - deyə vəkil Sadıqova davam edib.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

* Səmədov avqustun 21-də dövlətə xəyanət  ittihamı ilə saxlanılıb, iki gün sonra məhkəmə onu 4 ay müddətinə həbs edib.

Avropa İttifaqı  və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatı öz pasifist baxışları ilə tanınan Səmədovun təqib edilməsini pisləyiblər. O həmçinin Qərb KİV-ində analitik nəşrlər, Azərbaycan hakimiyyətinin ünvanına tənqidi məqalələrin və şərhlərin dərci ilə tanınır. OC Media nəşrinin və https://bakuresearchinstitute.org/ müəllifidir.

Hüquq müdafiəçiləri Bəhruz Səmədovu siyasi məhbus kimi tanıyıblar.

Dekabrda Səmədovun həbs müddəti martın 9-dək uzadılıb.

Seçilən
11
turan.az

1Mənbələr