AZ

Asta (ASTA) gələn sponsordu? - KÖŞƏ

Son günlər Azərbaycan futbolu ilə bağlı müzakirələr əsasən üç mövzu ətrafında aparılır. Birincisi “Qarabağ”ın braziliyalı futbolçusu Juninyonun transferi idi. Əcnəbi qolçunun əvvəlcə “Sevilya”ya keçidi gözlənilsə də, son məlumatlara görə, onun həmvətənləri ispanlardan daha zirək (səxavətli) tərpəniblər. Bu səbəbdən də Juninyo karyerasını İspaniyada yox, vətəni Braziliyada davam etdirəcək. İstənilən halda “Qarabağ”ın transfer bazarında növbəti uğura imza atdığı göz qabağındadı. Klub rəhbərliyi illərlə əkdiyi ağacın meyvəsini dərməkdədi. Bu həm də Azərbaycanın digər klubları üçün əla bir nümunədi. Qalır baxmaq və öyrənmək!

Gündəmin digər əsas mövzusu isə AFFA-nın ictimai müzakirəyə çıxardığı “İnkişaf Strategiyası”dı. Özlüyündə belə bir ideyanın alqışlanması lazımdı. Düzdü, mövzu yetərincə genişdi. Ona görə də bu yazıda həmin mövzuya ötəri toxunmaq istəmirəm. Qismət olsa, gələcəkdə bu strategiya ilə bağlı daha geniş danışarıq. Bu səbəbdən də keçid alıram üçüncü mövzuya. Həmin mövzu da 1-ci liqada mübarizə aparan “Mingəçevir”ə sponsor tapılmasıdı. Deyilənlərə inansaq, ASTA şirkəti “Mingəçevir”ə sponsorluq etmək fikrinə düşüb. Bu məqsədlə həmin şirkətin nümayəndələri AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında da iştirak edib. Düzdü, bu barədə hansısa rəsmi açıqlamaya rast gəlmək mümkün deyil. Hətta ASTA-nın rəhbəri kimi tanınan, bəzi məhşur futbolçuların Bakıya səfərini təşkil edən Adnan Əhmədzadə sosial şəbəkə hesabından ona ünvanlanan sualda məlumatı yalanlamışdı. Amma AFFA ASTA-nın niyyətini və nümayəndəsinin İcraiyyə Komitəsinin iclasında iştirakı barədə söylənilənləri təsdiqləyib. Deməli, tüstü od yanan yerdən çıxıb.
Zaman-zaman müxtəlif sponsorlar sinəsini irəli verib, hansısa klubumuzu öz himayəsinə götürüb. Əvvəli xeyli həvəsli və hay-küylü başlayan prosesin davamı heç də başlanğıc kimi olmur. Getdikcə xərclər artır, qazanc isə gəlmir. Üstəlik futbol sahəsinin özünəməxsus problemləri, futbolçularla işləməyin çətinliyi gərginliyi artırır. Bir də görürük ki, heç bir gəlir gətirməyən, perspektiv vəd etməyən işə uzun müddət pul xərcləmək həmin sponsorun zəhləsini tökür, səbr kasasını daşırır. Nəticədə yollar ayrılır, sponsorun dəstəyi kəsilir. AFFA tərəfindən Futbolun İnkişaf Fondununun, yəni FİF-in necə böyük həvəslə yaradıldığını hamımız yaxşı xatırlayırıq. Elxan Məmmədovun ideya müəllifi olduğu FİF futbol səhnəsinə çox iddialı gəlmişdi. Sanki Azərbaycan futbolunun reallıqlarından xəbərsiz idilər. Gah azarkeşlərdən ianə toplayıb, qərb klublarına avtobus almaq həvəsinə düşürdülər, gah da əyalət təmsilçilərinə sponsor tapmağa girişirdilər. Amma ortada heç bir ciddi nəticə hasil olmadı. Bir də gördük ki, futbola ianə gətirmək üçün yaradılan FİF-in özünün xərci qazancından çoxdu. Bu qurumun saxlanılmasının özü AFFA-ya böyük xərc bahasına başa gəlir.

Yəni ki, Azərbaycanda hansısa kluba sponsor cəlb edilməsi, həmin sponsorun uzun müddət bu sahədə duruş gətirməsi xeyli mürəkkəb məsələdi. Elə yaxın keçmişdə “İmişli”nin düşərgəsindən futbolçuların qidalanmasındakı problemlərlə bağlı yazılar oxuyurduq. Quba təmsilçisi “Hypers Quba”nın düşərgəsində qeyri-peşəkarlığın yaşandığı, rəhbərliyin futbolçuların məvacibini ödəməkdən imtina etməsi də tez-tez qarşımıza çıxan xəbərlər sırasındadı. “Şamaxı” elitaya vəsiqə qazanmasında zəhməti olan məşqçilərin və futbolçuların alacaqlarını vermək, borclarını bağlamaq üçün heç də həvəsli deyil. Bunu da gizlətmirlər, sadəcə, müxtəlif bəhanələr irəli sürürlər.

Bütün bu sadaladıqlarım Azərbaycan futbolunda qarşılaşdığımız problemlərin bir qismidi. Ümid edək ki, asta-asta addımlayan, “Mingəçevir”ə sponsorluq etmək həvəsinə düşən ASTA ilə bağlı bu cür məlumatlar eşitməyəcəyik, “nur şəhəri”nin futbolu sözün əsl mənasına nura qərq olacaq.

AMAL

Seçilən
13
5
football-plus.az

10Mənbələr