AZ

Gözəl xətt göz oxşayır...

23 yanvar Beynəlxalq Əlyazma Günüdür

Gözəl xətt bəzi hallarda onun sahibinin savad və bilik səviyyəsinin göstəricisi kim qəbul edilir. Məlumdur ki, insanın xəttinə əsasən, onun xarakter və xasiyyətini müəyyən edən qrafologiya elmi var. Məsələn, kriminalistikada anonim şikayət və məktubların araşdırılması ilə məşğul olan mütəxəssislər var. Orta məktəbin aşağı siniflərində isə səliqəli və düzgün yazmaq üçün hüsnxətt öyrədilirdi.

Yeri gəlmişkən, hər il yanvarın 23-ü dünyada Əlyazma Günü kimi qeyd edilir. Əllə yazılan mətn onun müəllifinin daxili dünyasından, hiss və duyğularından soraq verən informasiyadır. Antik və intibah dövrlərində yazılanlar məhz əlyazma şəklində bu günə gəlib çıxıb. Məsələn, Rusiyada inqilabçıların, mütəfəkkirlərin, yazıçı və şairlərin çoxlu yazışmaları var və bu əlyazmalar onların fəaliyyətinin böyük bir hissəsini təşkil edir. Azərbaycan ədəbiyyatında isə Cəfər Cabbarlının Sona xanıma, Mikayıl Müşfiqin Dilbər xanıma, Hüseyn Cavidin ailə üzvlərinə məktubları məşhurdur.

Azərbaycanın tanınmış xəttatları...

Hələ çap maşınları icad olunmamışdan əvvəl mütəfəkkirlərin, alim və şairlərin əsərlərinin üzü xəttatlar tərəfindən köçürülərək yayılıb. Yazı mədəniyyətinin formalaşmasında xəttatların rolu olduqca böyükdür. Alimlər qeyd edir ki, xəttatlıq islam aləmi tərəfindən mənimsənib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. İncəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olduğu bildirilən xəttatlığın islam dünyasının da mədəni dəyərlərini özündə əks etdirdiyi bildirilir.

Azərbaycanda bir çox tarixi abidənin kitabələrində ərəb əlifbası ilə gözəl xətt nümunələrinə rast gəlinir. Ən çox rast gəlinən nəsx xətləridir. Yeri gəlmişkən, xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılıb. Epiqrafik abidələrdə kufi, nəsx xətləri ilə yanaşı, süls, şikəstə və nəstəliq xətlərinə də rast gəlinir. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi bu sənətin inkişafında xüsusi rol oynayıblar. Bu gün Azərbaycanda Tahirə Abdullayeva, Seyfəddin Mənsimoğlu, Vüqar Məmmədov, Müzafəddin Əzizov kimi tanınmış xəttatlar var.

Gözəl xətt müalicə üsullarından biridir...

Mütəxəssislərin qənaətinə görə, əl yazısı və yaxşı xətt gözəlliyin, sağlamlığın qorunmasına və ömrün uzanmasına kömək edir. Məsələn, xəttatlığın geniş tətbiq olunduğu Yaponiya və Çində yazının müalicə üçün tətbiq olunmasının mümkünlüyü üzərində araşdırma aparılıb. Vaxtilə Pekin Qrafik Kommunikasiya İnstitutunda aparılan araşdırmaya görə, gözəl xəttə malik tələbələr daha sağlam və perspektivli olurlar. Həmin institutda aparılan tədqiqatlar nəticəsində böyük xəttatların çoxunun uzunömürlü olduğu müəyyən edilib.

Texnologiyalar çox şeyi arxa plana keçirib

Etiraf edək ki, elmi-texniki tərəqqi, müasir innovativ texnologiyalar çox şeyi arxa plana keçirib. Son illər müxtəlif mobil qurğular və qadjetlərin, elektron yazışmaların həyatımıza daxil olması ilə əlaqədar olaraq demək olar ki, əllə yazışmalardan istifadə olunmur. Orta məktəblərdə şagirdlər arasında dostluq yazışmaları, ailələrə böyük sevinc bəxş edən əsgər məktubları, sevgi məktubları... Təəssüf ki, artıq bunların hamısı arxada qalıb. İndi küçələrdə poçt qutuları, mənzillərdə poçt üçün, o cümlədən məktub üçün ayrılan guşələr də çox nadir hallarda gözə dəyir.

Yeganə BAYRAMOVA

Seçilən
29
yeniazerbaycan.com

1Mənbələr