AZ

Bioloji aktiv əlavələr insan orqanizminə necə təsir göstərir?

Həkim bildirib ki, Bioloji aktiv əlavələrin heç birində klinik testlər aparılmayıb və yan təsirləri ilə bağlı kifayət qədər məlumat yoxdur.

Fitnes sahəsində məşqçilər, idmançılara və ya fitness sevənlərə daha sürətli nəticələr əldə etməsi üçün müxtəlif vasitələr tövsiyyə edirlər. Bu məhsullar bədənin fiziki performansı artırmağa, əzələ quruluşunu yaxşılaşdırmağa və bədən yağını azaltmağa kömək edir.

Bəs bu vasitələr insan orqanizminə necə təsir göstərir?

Məsələ ilə bağlı həkim-terapevt Nəbi Abbasov "Operativ Media"ya fikirlərini bildirib:

"Fitnes məşqçilərinin insanlara verdiyi dərmanlar haqqında danışmaq lazımdır. Fitnes məşqçiləri, sağlamlıq və bədən tərbiyəsi sahəsində müxtəlif hərəkətləri, məşq planlarını və pəhriz proqramlarını təqdim edir. Bu məşqlər insanın fiziki durumunu yaxşılaşdırmaq və bədənini formaya salmaq məqsədini güdür. Lakin bəzi hallarda fitnes məşqçiləri, iştirakçılarına və ya tələbələrinə daha sürətli nəticələr əldə etmək məqsədilə müəyyən "dərmanlar" və ya "maddələr" tövsiyə edirlər".

Bu maddələr dərman deyil, bəzən aktiv qida maddələri və ya bioloji aktiv əlavələr (BAA) olaraq satılır. Bu əlavələr bədənin ehtiyac duyduğu vitaminlər, minerallar və digər bioloji komponentləri təmin edir, lakin dərman vasitəsi deyil. Fitnes məşqçiləri bu maddələri "dərman" adı altında təqdim edirlər, amma bu, çox vaxt düzgün məlumat deyil.

Bu cür maddələr, yəni bioloji aktiv əlavələr Səhiyyə Nazirliyi tərəfindən dərman olaraq təsdiq edilməyib. Çünki onlar dərman vasitəsi deyil. Dərman vasitələri bir xəstəliyin müalicəsi və ya müəyyən sağlamlıq problemini aradan qaldırmaq məqsədilə istifadə olunur və onların təsdiqi üçün ciddi klinik araşdırmalar tələb olunur. Lakin bioloji aktiv əlavələrə gəldikdə, onlar belə tədqiqatlardan keçmir. Bu səbəbdən də, bu maddələr "dərman" kimi qəbul edilmir.

Bioloji aktiv əlavələrin üzərindəki etiketlərə diqqət yetirsək, adətən "dərman deyil" ifadəsi ilə qarşılaşırıq. Yəni, bu məhsulların dərman olmaması və yalnız qida əlavəsi olduğu açıq şəkildə göstərilir. Bu cür əlavələr bazara daha asan çıxar, çünki onlar dərman kateqoriyasına daxil olmadığı üçün onların tərkibi və təsiri üzərində ciddi dövlət nəzarəti yoxdur.

Həmin məhsulların tərkibi və təsiri tam olaraq müəyyənləşdirilməyib. Bioloji aktiv əlavələrin heç birində klinik testlər aparılmayıb və yan təsirləri ilə bağlı kifayət qədər məlumat yoxdur. Bu səbəbdən, Səhiyyə Nazirliyi tərəfindən belə məhsullara etibar edilmir. Eyni zamanda, bu əlavələrin uzun müddətli istifadəsinin sağlamlıq üzərində hansı təsirlər yarada biləcəyinə dair elmi araşdırmalar da aparılmayıb. Çox vaxt bu növ əlavələr müxtəlif istehsalçılar tərəfindən təqdim olunur və onların təsiri yalnız istehsalçıların verdiyi məlumatlarla məhdudlaşır.

Bu cür bioloji aktiv əlavələrin bəzən ciddi yan təsirləri ola bilər, amma bunlar haqqında məlumat çox azdır. Çünki, bir çox hallarda bu məhsulların üzərində yalnız istehsalçı tərəfindən təqdim olunan məlumatlar yer alır və bu məlumatlar bəzən reklam xarakterlidir". 

Nəbi Abbasov insanların bu cür məhsulları istifadə etməzdən əvvəl, sağlamlıq mütəxəssisləri ilə məsləhətləşməli olduğunu vurğulayıb:

"Fitnes məşqçiləri hər zaman bu məhsulların təsiri və təhlükələri haqqında ətraflı biliklərə sahib olmurlar. Onlar çox vaxt bu maddələri yalnız şirkətlərin təqdim etdiyi məlumatlar əsasında tövsiyə edirlər. Nəticədə, bu maddələrin faydalı və ya zərərli olub-olmaması ilə bağlı ciddi məlumatları olmur. Çox hallarda isə yalnız məhsul istehsalçısının verdiyi məlumatlara etibar edilir.

Həmçinin, bu bioloji aktiv əlavələrin satışını həyata keçirən şirkətlər, öz məhsullarının faydalarını və təsirini təqdim edərkən, bunları elmi əsaslarla deyil, daha çox reklam məqsədilə təqdim edirlər. Bu da müştərilərin və istifadəçilərin yanlış qərarlar qəbul etməsinə səbəb ola bilər. Beləliklə, insanlar bu cür məhsulları istifadə etməzdən əvvəl, müvafiq sağlamlıq mütəxəssisləri ilə məsləhətləşməlidirlər".

Seçilən
14
operativmedia.az

1Mənbələr