BMT-nin QHT Komitəsinin 2025-ci il sessiyasında Azərbaycan xüsusi məsələ qaldırıb
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qeyri-Hökumət Təşkilatları (QHT) üzrə Komitəsinin 2025-ci il müntəzəm sessiyası 20-24, 30-31 yanvar və 3 fevral tarixlərində Nyu-Yorkdakı BMT Baş Qərargahında keçirilir. QHT.az xəbər verir ki, sessiya çərçivəsində müxtəlif QHT-lərin müraciətləri və hesabatları nəzərdən keçiriləcək, yekun hesabat isə 11 fevral 2025-ci ildə qəbul ediləcək.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi sessiya çərçivəsində "Christian Solidarity International" (CSI) təşkilatının fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək xüsusi məsələ qaldırıb.
Azərbaycan nümayəndəliyinin çıxışında vurğulanıb ki, CSI təşkilatı 9 iyul və 1 oktyabr 2024-cü il tarixlərində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri və yan tədbirlər çərçivəsində Azərbaycanın təhrif olunmuş xəritəsini nümayiş etdirib, ölkənin suveren ərazilərinin bir hissəsini qeyri-qanuni və uydurma adlarla təqdim edib. Həmin tədbirlərdə, həmçinin işğal dövründə Azərbaycana qarşı qanunsuz fəaliyyətlərdə iştirak etmiş şəxslər əsas çıxışçılar və panel iştirakçıları qismində dəvət olunublar.
Azərbaycan nümayəndəliyi CSI-nin fəaliyyətinin ECOSOC-un əsas prinsiplərinə və BMT Nizamnaməsinə zidd olduğunu vurğulayaraq, təşkilatın ECOSOC-un xüsusi məsləhətçi statusundan sui-istifadə edərək Azərbaycana qarşı qərəzli dezinformasiya kampaniyası apardığını bildirib.
Bundan əlavə, Azərbaycan tərəfi CSI-nin Azərbaycana qarşı irəli sürdüyü ittihamların qərəzli və siyasi motivli olduğunu qeyd edərək, təşkilata aşağıdakı sualları ünvanlayıb:
- CSI Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin təkcə dövlətlərin deyil, həm də ECOSOC-un məsləhətçi statusuna malik QHT-lərin öhdəliyi olduğunu qəbul edirmi?
- CSI beynəlxalq hüquq çərçivəsində ciddi beynəlxalq cinayətlərin araşdırılması və cinayətkarların cəzalandırılması ilə bağlı dövlətlərin öhdəliyini qəbul edirmi?
- CSI tərəfindən 9 iyul və 1 oktyabr 2024-cü il tarixlərində Cenevrədə təşkil edilən tədbirləri hansı təşkilatlar və ya fərdi şəxslər maliyyələşdirib?
- Həmin tədbirlərə qatılan şəxslər CSI ilə necə əlaqəlidirlər və onların iştirakı hansı məqsədlərə xidmət edirdi?
Azərbaycan nümayəndəliyi QHT Komitəsindən bu suallara yazılı cavablar tələb etməsini xahiş edib ki, cavablar Komitənin növbəti iclasında müzakirə üçün təqdim olunsun.
İclasda Ermənistan Azərbaycanın mövqeyinə qarşı çıxıb
Komitə iclasında Ermənistan nümayəndəsi Azərbaycan tərəfinin qaldırdığı məsələni əsassız adlandıraraq ona qarşı çıxıb. Məsələ ilə bağlı aparılan təxminən bir saatlıq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyi Pakistan, Türkiyə, Əlcəzair və Böyük Britaniya nümayəndələri tərəfindən dəstəklənib.
Sonda Azərbaycan nümayəndəliyinin irəli sürdüyü məsələ bir neçə terminoloji düzəliş edilməklə qəbul edilib və "Christian Solidarity International" təşkilatına rəsmi şəkildə ünvanlanıb.
Qeyd edək ki, BMT-nin QHT Komitəsi 2025-ci il sessiyasında 213 yeni müraciət, 323 təxirə salınmış müraciət və 500 dördlük hesabatı nəzərdən keçirəcək. Sessiyanın tövsiyələri 10-11 iyun 2025-ci il tarixlərində keçiriləcək ECOSOC-un İdarəetmə Seqmentinə təqdim ediləcək.