Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu bu yay "Real"in vingeri Vinisius Junioru transfer etmək niyyətindədir.
İdman.biz xəbər verir ki, bu barədə "Give me Sport" məlumat yayıb.
Ərəbistan klubunun Vinisiusu cari mövsümün sonunda əsas transfer hədəfi hesab etdiyi və onun üçün 296 milyon funt-sterlinq (təxminən 350 milyon avro) təklif etməyə hazır olduğu bildirilir.
Çempionlar Liqasının 7-ci turunda "Zalsburq"la oyunda (5:1) dubl edərək "Real"da bütün turnirlərdə qollarının sayını 101-ə çatdıran və matçın ən yaxşı oyunçusu seçilən Vinisius Junior gələcəyi haqda danışıb.
Jurnalist və insayder Fabrizio Romano sosial şəbəkədə onun sözlərini belə təqdim edib: “Gələcəyim? "Real Madrid"! Sevdiyim klubda 101 qol vurmağı bacardığım üçün şadam. Bura uşaq vaxtı gəlmişəm və bu klubun tarixinə düşmək fürsəti məni dünyanın ən xoşbəxt insanı edir.
Bu rəqəmə çatmaqda mənə kömək etdikləri üçün bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Yaşasın Madrid!"
Daha əvvəl braziliyalı futbolçunun nümayəndələrinin Səudiyyə Ərəbistanı klubları ilə əlaqələri davam etdirdikləri bildirilirdi. Bundan əlavə, "Real"ın da Vinisiusla müqavilənin müddətini yaxşılaşdırılmış şərtlərlə uzatmaq istədiyi barədə məlumatlar var.
Qeyd edək ki, 24 yaşlı futbolçu “Los Blancos”un heyətinə 2018-ci ilin iyulunda qoşulub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Bu mövsüm Vinisius 26 matçda iştirak edib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalına görə, onun transfer dəyəri 200 milyon avrodur.
İdman.biz