AZ

Həftənin ƏN YAŞLISI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Əvvəllər Co Baydeni yaşına görə tənqid edən və onun çaşqınlığı ilə bağlı zarafat etmək fürsətini heç vaxt əldən qaçırmayan Donald Tramp növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb və ölkə tarixinin ən yaşlı lideri olub. Andiçmə mərasimi zamanı onun yaşı 78 yaş yeddi ay olub. Beləliklə o, Baydenin 2021-ci ildə vəzifəyə gəldiyi vaxtdan, təxminən, 6 ay böyükdür.

 

Həftənin TOYU

Əslən Cənubi Azərbaycandan olan tanınmış iş adamı Reza Zərrab ikinci dəfə ailə qurub. O, Mayamidə Dilara Altıntop adlı menecerlə nikah bağlayıb. Reza özünə 3 gün 3 gecə toy edib. Dəbdəbəli mərasimdə türkiyəli müğənni Demet Akalın və İbrahim Tatlıseslə keçmiş xanımı Derya Tuna da iştirak edib.

 

Həftənin KÖRPƏSİ

Bakıda 6 kiloqram çəkidə körpə dünyaya gəlib. Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın sözlərinə görə, hazırda körpənin vəziyyəti normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir: “Bu, ananın 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi 4 kq 600 qramlıq körpəsi də təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib”.

 

Həftənin QADAĞASI

Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların üzünü örtən geyimlə ictimai yerlərdə görünməsini qadağan edən qanun imzalayıb. Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inanc və dini mərasimlərin keçirilməsini qadağan edir. Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır.

 

Həftənin BORCU

ABŞ-nin BMT-yə ümumi borcu açıqlanıb. Bu məbləği BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib. “ABŞ-nin BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, – deyə Haq qeyd edib.

 

Həftənin HƏBSİ

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ barəsində həbs qərarı verilib. İstanbul Prokurorluğuna verdiyi ifadədən sonra növbətçi məhkəməyə çıxarılan Ümit Özdağ, ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək ittihamı ilə həbs edilib. O, “Prezidenti təhqir etmək” ittihamı ilə Ankarada saxlanılmışdı.

Seçilən
16
hafta.az

1Mənbələr