AZ

Çin nüvə sintezində yeni rekorda imza atır

Bakı,TurkicWorld

Çin təmiz və məhdudiyyətsiz enerji mənbəyi kimi qəbul edilən nüvə sintezi texnologiyasında yeni dünya rekordu müəyyənləşdirib.

TurkicWorld xəbər verir ki, ölkənin "süni günəş" adlanan Eksperimental Qabaqcıl Superkeçirici Tokamak (EAST) reaktoru 100 milyon dərəcədən yüksək temperaturda plazmanı tam 1066 saniyə ərzində sabit saxlamağa müvəffəq olub.

Nüvə sintezi zamanı hidrogen atomlarının nüvələri birləşərək helium atomlarını əmələ gətirir. Bu proses nəticəsində böyük miqdarda enerji ayrılır. Nüvə sintezində qalıq yanacaqlar və zərərli tullantılar olmadığı üçün bu üsul həm təmiz, həm də dayanıqlı enerji mənbəyi hesab edilir.

Çinin EAST reaktoru, nüvə sintezi üçün zəruri olan yüksək temperaturu rekord müddətdə sabit saxlamaqla öz əvvəlki göstəricisini yeniləyib. 2023-cü ildə isə reaktor, plazmanı 403 saniyə ərzində 100 milyon dərəcədən yüksək temperaturda saxlamağa nail olmuşdu.

Son uğur, istilik sistemindəki təkmilləşdirmələrin nəticəsidir. Tədqiqatçılar bu irəliləyişin digər ölkələrdəki nüvə sintezi layihələrinə dəstək verəcəyini vurğulayır.

Qeyd edək ki, nüvə sintezi sahəsində bir çox ölkə aktiv şəkildə çalışır. Fransada inşa edilən və dünyanın ən böyük tokamak reaktoru olacaq Beynəlxalq Termonüvə Təcrübə Reaktoru (ITER) bu layihələr arasında xüsusi əhəmiyyətə malikdir. ITER-in 2039-cu ildən etibarən fəaliyyətə başlaması və gələcəkdə nüvə sintezi əsaslı elektrik stansiyalarının yaradılmasına yol açması gözlənilir.

Seçilən
29
turkic.world

1Mənbələr