“ABŞ “dərin dövlət”inin sözügedən məsələni icra edə biləcəyi sualı indiki dövrdə hər kəsə maraqlıdır”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin yenidən prezidenti olan Donald Trampın Bayden administrasiyasından qalan məsələləri necə həll edəcəyindən danışan politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Bayden administrasiyasının Ermənistanla imzaladığı saziş ABŞ-nin ən böyük strateji yanlış addımıdır:
“Sanki hansısa görünməyən güc və qaranlıq əllər Bayden administrasiyasının son günlərində qəsdən bu minanı Tramp administrasiyasının ayağı altına qoydu. Qısacası, həmin mina Trampın ayağının altında partladılmaq üçün hesablanıb. Hələ ki, görünən budur”.
“İndi əsas məsələnin necə olacağı gözlənilir. Yəni Tramp administrasiyası həmin müqaviləni ləğv edə bilərmi və buna gücü çatacaqmı? Tramp strateji baxımından bu məsələni diqqətdə saxlayacaq. Müqavilə mütləq ya ləğv olunmalı, ya da dondurulmalıdır. ABŞ “dərin dövlət”inin sözügedən məsələni icra edə biləcəyi sualı indiki dövrdə hər kəsə maraqlıdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli