Müğənni Murad Arif Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb. O, nazirliyin fəaliyyətindəki nöqsanlara diqqət çəkərək rus dili bölməsində təhsil alan uşaqların yaşadığı çətinliklərdən danışıb.
M.Arif rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib. Müğənninin qənaətincə, əgər Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə, rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir.
M.Arif deyib ki, ibtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinfə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən sonra istəyən rusca, istəyən yaponca oxumağı seçməlidir. Onun sözlərinə görə, rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək – uşaqlar tariximizi bilməyəcəklər.
Müğənninin səsləndirdiyi bu iddialar ətrafında sosial mediada geniş müzakirə açılıb. Onun fikirlərini təsdiqləyənlər də var, inkar edənlər də. Bəs təhsil sahəsində çalışanlar bu barədə nə düşünür?
Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu açıq şəkildə göstərilib. Ekspert vurğulayıb ki, Azərbaycan dilinin ölkədə hərtərəfli inkişafı və istifadəsinin təmin olunması dövlətin vəzifəsidir: “Bundan əlavə, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə əsasən, ölkədə dövlət dili olan Azərbaycan dilinin tədrisi bütün təhsil pillələrində məcburidir. Bu, o deməkdir ki, rus bölməsində təhsil alan şagirdlərin də dövlət dilini mənimsəməsi üçün hüquqi baza mövcuddur. Lakin qanunların mövcudluğu onların effektiv tətbiqi ilə dəstəklənməsə, nəticə verməsi çətinləşir. Statistikaya əsasən, Azərbaycanda ümumtəhsil məktəblərində 2023-cü ildə təhsil alan şagirdlərin təxminən 10 faizi rus bölməsində oxuyur. Bu rəqəm Bakı və digər iri şəhərlərdə daha yüksəkdir. Rus bölməsində təhsil alan şagirdlərin əksəriyyəti ailələrindən və mühitlərindən rus dilini yaxşı mənimsəsələr də, dövlət dili olan Azərbaycan dilində kifayət qədər sərbəst danışa bilmirlər. Bu, onların cəmiyyətdə, xüsusilə də əmək bazarında adaptasiyasını çətinləşdirir. Belə vəziyyət dövlət dilinin ölkə miqyasında tam tətbiq olunmasına maneə yaradır”.
K.Əsədov söyləyib ki, rus bölməsinin bağlanması və Azərbaycan dilinin tədrisinin gücləndirilməsi bir neçə müsbət nəticə verə bilər: “İlk növbədə, bu, milli kimliyin qorunmasına və dövlət dilinin cəmiyyətin bütün üzvləri tərəfindən mənimsənilməsinə kömək edə bilər. Eyni zamanda, dövlət dilində təhsilin intensivləşdirilməsi gələcək nəsillərin ölkə qanunlarını və tarixini daha yaxşı başa düşməsinə şərait yarada bilər. Bu yanaşmanın digər bir müsbət tərəfi, erkən yaşlarda şagirdlərə Azərbaycan dilində təhsil verərək onların dövlət dilində daha yaxşı ifadə etmək bacarığını inkişaf etdirməsidir. Dünya təcrübəsində də göstərilir ki, erkən yaşda uşaqların ana dilində təhsil alması onların ümumi idrak bacarıqlarını gücləndirir. Finlandiya və Estoniyada təhsil alan azsaylı millətlərin nümayəndələrinə ilk olaraq dövlət dili öyrədilir və bu yanaşma milli inteqrasiyanı təmin edir”.
Təhsil ekspertinin qənaətincə, rus bölməsinin bağlanması kimi radikal təkliflərin bir sıra mənfi təsirləri də ola bilər: “Ən əsas problem, cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq yarada biləcək qeyri-bərabərlik hissidir. Azərbaycanda rus bölməsini seçən valideynlərin bir hissəsi bunu daha yüksək keyfiyyətli təhsillə əlaqələndirir və bölmənin bağlanması həmin ailələrin təhsil seçimini məhdudlaşdıra bilər. Digər tərəfdən, rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilini mənimsəyə bilməməsinin səbəbi yalnız tədris dili deyil, həm də metodik problemlərdir. Azərbaycan dilinin və tarixinin keyfiyyətli dərsliklər və metodikalarla tədrisi, həmçinin müəllimlərin peşəkarlığının artırılması olmadan bölmənin bağlanması problemi həll etməyəcək. Bunun əvəzinə, rus bölməsindəki Azərbaycan dili dərslərinin məzmunu yenidən nəzərdən keçirilməli və şagirdlərin bu dərsi öyrənməyə marağını artıran müasir yanaşmalar tətbiq edilməlidir. Dünya təcrübəsinə nəzər salsaq, çoxdilli təhsil modellərinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğunu görərik. Məsələn, Kanada iki dövlət dili olan ingilis və fransız dillərinin tədrisində tarazlıq yaratmaq üçün fərqli metodlardan istifadə edir. Kanadada fransız dilini mənimsəmək üçün xüsusi proqramlar tətbiq olunur və hər iki dil bərabər şəkildə təhsil sistemində yer alır. Estoniya kimi ölkələrdə isə azsaylı rusdilli əhalinin uşaqları ilk illərdə eston dilində təhsil alır, daha sonra öz dillərində əlavə fənləri öyrənə bilirlər. Digər tərəfdən, radikal dəyişikliklər tətbiq edən bəzi ölkələrdə ciddi çətinliklər yaşanıb. Qazaxıstanda rus dilindən dövlət dilinə keçid mərhələli şəkildə həyata keçirilsə də, bu proses hələ də tam başa çatmayıb və bir sıra tədris problemləri ilə müşayiət olunub”.
K.Əsədov deyib ki, təhsil sistemində hər hansı ciddi dəyişiklik mərhələli və hərtərəfli planlaşdırılmış şəkildə həyata keçirilməlidir: “Radikal yanaşmalar əvəzinə, mövcud problemləri həll etmək üçün alternativ yollar araşdırılmalıdır. Rus bölmələrində Azərbaycan dilinin və tarixinin tədrisinin məzmunu yenidən işlənməli, bu fənlər daha maraqlı və şagirdlər üçün cəlbedici edilməlidir. Həmçinin, rus bölmələrində Azərbaycan dilində keçirilən dərslər praktiki bacarıqlar üzərində qurulmalı, şagirdlərin gündəlik həyatda bu dili istifadə etməsi təşviq olunmalıdır. Murad Arifin təklifləri aktual bir problemi qabartsa da, onun həlli üçün tələskən və radikal yanaşmalar yerinə daha inklüziv, mərhələli və tarazlaşdırılmış addımlar atılmalıdır. Dövlət dili və milli kimliyin qorunması təhsil siyasətində prioritet olmalı, eyni zamanda hər bir vətəndaşın təhsil hüququ və seçim azadlığı nəzərə alınmalıdır. Qanunvericilikdə mövcud baza bu istiqamətdə işləri həyata keçirmək üçün imkanlar yaradır. Sadəcə, bu proses yaxşı düşünülmüş strategiya və dünya təcrübəsindən uyğunlaşdırılmış nümunələrlə dəstəklənməlidir”.
Nailə QASIMOVA