Budapeşt, 23 yanvar, AZƏRTAC
Cümə axşamı Macarıstanda bir neçə məktəb Budapeşt və ölkənin bir sıra bölgələrinin təhsil ocaqlarına daxil olmuş partlayış təhlükəsi məktubları ilə əlaqədar təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Viktor Orban ölkənin bir çox məktəblərində partlayış təhdidlərindən sonra yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü və araşdırmaların davam etdiyini bəyan edib. “Daxili işlər naziri ilə daim əlaqədəyəm” – deyə Baş nazirin “Facebook” sosial şəbəkəsində cümə axşamı paylaşılan məlumatında qeyd olunur.
Oxşar məzmunlu elektron formatda daxil olmuş məktublardakı təhdidlər polisin nəzərinə görə, böyük ehtimalla eyni mənbədən gəlir. Bu səbəbdən Budapeşt və digər bölgələr də daxil olmaqla azı 50 məktəb təxliyə olunub. “İndex”in məlumatına görə, koordinasiya olunmuş təhdidlər həm şəhər, həm də kənd məktəblərinə təsir edib. Təxliyə olunmuş bütün məktəbləri polis mühasirəyə alıb.
Hökumət hadisənin təfərrüatlarını və təhdidlərin nə dərəcədə etibarlı olub-olmadığını araşdırır.
Hadisələr inkişaf etdikcə, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt