AZ

Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

Image

Ölkə iqtisadiyyatının idxaldan asılılığının kəskin artması indiki mərhələdə böyük risq yaradır

Ölkə iqtisadiyyatının ağır durumu ilin yekunlarına dair statistik rəqəmlərdə özünü daha çılpaq şəkildə göstərməkdədir. Əvvəlcə təqdim edəcəyimiz informasiyada bir qədər anlasılmaz görünən "müsbət saldo" ifadəsinə aydınlıq gətirək. "Saldo" sözü Azərbaycan dilində "qalıq" mənasını verir. 

Ölkə üçün müsbət saldo idxal ilə ixrac arasındakı fərqdir. İxrac üstünlük təşkil edəndə bu fərq müsbət saldo, idxal üstünlük təşkil etdikdə isə bu fərq mənfi saldo adlanır. Azərbaycanda hələlik bu göstərici müsbət saldodur, amma bu sürətlə azalır. Bir il ərzində xarici ticarət dövriyyəsində müsbət saldonun 3 dəfədən çox azalması iqtisadiyyatda ciddi geriləmə hesab edilir. Bu templə davam etsə, gələn il ölkəmizin xarici ticarət dövriyyəsində mənf saldo müşahidə edilə bilər. Yəni gələn il idxal ixracdan çox ola bilər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, xarici ticarət dövriyyəsinin həcmi son bir il ərzində 3 milyard 572 milyon dollar və ya 7% azalıb.

Ötən il xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın,  21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma, idxalda isə 3 milyard 773 milyon dollar (21,8%) artım baş verib.

Nəticədə müsbət saldo 5 milyard 496 milyon  ABŞ dolları təşkil edib. Bu da 2023-cü illə müqayisədə 11 milyard 117 milyon dollar (3,1 dəfə) azalma deməkdir.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 51 milyard 183,9 milyon dollar təşkil edib.  O cümlədən ixrac 33 milyard 898,6 milyon dollara, idxal 17 milyard 285,3 milyon dollara bərabər olub. Müsbət saldo 16 milyard 613 milyon 210 min ABŞ dolları həcmində olub. Göründüyü kimi, müsbət saldo bir il ərzində 16 milyard dollardan 5 milyard dollara düşüb.

Bəs ölkənin xarici ticarət dövriyyəsində idxalın artmasının, əvəzində isə ixracın azalmasının səbəbi nədir?

Buna əsas səbəb ölkədə neft hasilatının azalması, ondan da dolayı neft ixracatının kəskin azalmasıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət dövriyyəsinə dair statistikasına əsasən, ölkədən neft ixracı 2023-cü ildəkindən dəyər baxımından 1 milyard 803 milyon 473.64 min dollar və ya 11 faiz, miqdar baxımından isə 2 milyon 451 min 157.28 ton və ya 9,4 faiz azalıb.

Digər tərəfdən, ölkədə müxtəlif səbəblərdən daxili istehsal getdikcə zəifləyir. Iqtisadiyyatda istehsal zəiflədikcə ixrac potensialı da azalır. Bu da xarici ticarət dövriyyəsində ixracın payının azalmasına gətirib çıxarır. Bu o deməkdir ki, qeyri-neft sektorundakı artımlara dair statistika özünü doğrultmur, bu rəqəmlər siyasiləşmiş göstəriciləri ifadə edir.

Ölkədə istehsalın azalmasının isə bir sıra səbəbləri var. Onlardan inhisarçılıq, biznesə qeyri-qanuni müdaxilə, mülkiyyətə real zəmanət çatışmazlığı, qanunun aliliyinin təmin edilməməsi və məhkəmə hakimiyyətinin müstəqil olmamasını ənənəvi səbəblər hesab etmək olar. Çünki bunlar artıq ölkədə bir ənənəyə çevrilməkdədir.

Son beş ildə isə bu problemlərin üstünə ağır vergi yükü də əlavə edilib. Bu səbəblərdən ölkədə daxili istehsal getdikcə zəifləyir. Bu tendensiyalar isə nəzəri baxımdan idxalı stimullaşdırır. Nəticədə ölkə iqtisadiyyatı ilbəil daha çox idxaldan asılı vəziyyətə düşür. Bu isə çox təhlükəli tendensiyadır.

Məlumdur ki, dünyada geosiyasi proseslər kifayət qədər aktivləşib, sürətlənib. İllərlə inkisafını gözlədiyimiz proseslər bir həftənin içində reallaşır. Belə bir şəraitdə ölkə iqtisadiyyatının ciddi şəkildə idxaldan asılı vəziyyətə düşməsi milli təhlükəsizliyə böyük təhdid yaradır. Ona görə də hökumət bu göstəriciləri reallaşdıran səbəbləri bir daha dəqiqləşdirməli və bu səbələrin aradan qaldırılmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Akif NƏSİRLİ





Seçilən
18
24
baki-xeber.com

10Mənbələr