Səməd Seyidov: “Bu gün siyasətimizin əsas prioriteti Türk ailəsidir, Türk Dünyası bir-biri ilə əlaqələri getdikcə genişləndirir və yaxınlaşmanı saxlamaq mümkün deyil”
“Trampın danışdığı dil ümumbəşəri dəyərlərə hörmət dilidir”
"Hamı bezib bu yanaşmadan. bezib bu cür yalanlardan...Bu gün heç nədən Ukraynanı məhv elədilər..."
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “AzPolitika”-ya müsahibəsində gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Səməd müəllim, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayacaq. Bu gün mətbuata Azərbaycan nümayəndə heyətinin qurumun iclasına qatılmayacağını bildirmisiniz. Bu qərardan əvvəl konfidensial, yaxud işçi qaydada Avropa Şurası qurumları ilə qayıdışla bağlı müzakirələr aparılıbmı?
- Nə konfidensial, nə də başqa formada heç bir müzakirələr olmayıb və ola da bilməz. Biz mövqeyimizi açıq şəkildə hələ keçən ilin yanvarındakı sessiyada bildirmişik. Demişik ki, onlar öz mövqelərindən əl çəkməsələr, Azərbaycana qərəzli münasibət bəsləsələr, bizi törətmədiyimiz məsələlərdə ittiham etsələr və bu istiqamətdə işlər görməsələr Azərbaycan bu vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında işləyə bilməz. Ancaq biz Avropa Şurasının digər qurumları ilə əlaqədəyik. Yəqin ki, xatırlayırsınız, COP29 tədbiri keçirilən zaman Avropa Şurasının Baş katibi Azərbaycanda idi və o, ən yüksək səviyyədə - cənab prezident tərəfindən qəbul olunmuşdu. Danışıqlar əsnasında əlaqələrimizin normallaşdırılması məsələsi də müzakirə olunmuşdu. Ancaq Baş katib Strasburqa qayıdandan sonra həmin təşkilatın başqa bir qolu- AŞPA Azərbaycana qarşı növbəti qərar qəbul etdi. Və bunu biz orada olmaya-olmaya etdi. Təəssüflər olsun ki, bu təşkilat ciddi böhran içərisindədir, onun bir qolu Şvabe və onun ətrafında olan insanlar tərəfindən “girov” götürülüb. AŞPA rəhbərliyinin gücü çatmır ki, onlarla hansısa bir normal, ortaq mövqeyə gəlsinlər.
- Assambleyada Azərbaycana qarşı mövqedə konsensus varmı?
- Konsensus olsaydı, bu hadisələr baş verməzdi. Konsensus yoxdur ki, belə edirlər. Əksinə, orada zəbt, qorxu, təzyiq və ittiham var. Azərbaycanı kim dəstəkləyirsə, dərhal onu qınaq obyektinə çevirir, korrupsiyada, başqa məsələlərdə ittiham edib, qorxutmağa çalışırlar. Bu, bir siyasətdir və biz bunu çox gözəl bilirik. Təəssüf ki, AŞPA özündə güc tapmır ki, bu məsələləri normal şəkildə araşdırsın. Güc tapan zaman biz də normal şəkildə onlarla əlaqə yarada bilərik. Yəni, problem bizdə deyil. Bizim istəyimiz əlaqə qurmaq, işləmək, fikir mübadiləsi aparmaqdır.
- İnsan haqları problemləri qabardılır...
- Azərbaycanda insan haqları məsələsinin problem olduğunu deyirsiniz. Birincisi, bütün ölkələrdə problemlər mövcuddur. İkincisi, onlara deyirik, insan haqları məsələsinə görə siz Azərbaycanı ittiham edirdinizsə, niyə 25 il idi Qarabağda baş verənlərə münasibət bildirmirdiniz? Deməli, siz bunu Qarabağa görə etdiniz. Qarabağ sizin boğazınızdan keçmir. Deməli, Qarabağla bağlı siz normal şəkildə münasibət qura bilmirsiniz. Bir qurum ki, indiyədək Qarabağ sözünü deyə bilmir, “dağlıq Qarabağ” ifadəsini işlədir, hansı ki, belə bir ad yoxdur. Mən necə bu qurumla normal münasibət qurum?
- Azərbaycanla Qərb strukturları arasında münasibətlərin bundan sonrakı perspektivi necə olacaq? Dünyadakı yeni dəyişiklikləri də nəzərə alsaq, Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər mümkündürmü?
- Hər bir ölkənin apardığı siyasət, burada söhbət yalnız xarici siyasətdən yox, daxili siyasətdən də gedir, nəyə əsaslanır? Hansı istiqamətləri özündə ən əsas məsələlər kimi ehtiva edir ki, o ölkəni, onun apardığı siyasəti, davranışını qəbul etsinlər, onunla hesablaşsınlar, ona hörmət bəsləsinlər, normal münasibət, əlaqə yaratsınlar? Heç bir ölkə öz xarici siyasətində kiminsə əlində alətə çevrilmək məqsədini seçmir. Belə bir siyasət yoxdur. Ola bilsin, Ermənistan istisnadır. O, düşünür ki, kiminsə əhatəsində olsun, kiminsə maraqlarını həyata keçirsin. Millətin maraqları onları maraqlandırmır. Bəlkə Ermənistan bu siyasətlə gedir. Ancaq dünyada əksər ölkələr öz milli maraqları haqqında düşünürlər. ABŞ-nin yeni Prezidenti Donald Tramp dedi ki, “ABŞ-nin maraqlarını birinci hesab edəcəm”. Bizim də mübarizəmiz ondan ötrüdür ki, bizi düzgün qarşılasınlar. AŞPA-da mənə hörmət bəsləməyəcəklərsə, normal münasibət göstərməyəcəklərsə, reallığı qəbul etməyəcəklərsə, Qarabağı qəbul etmirlərsə, bizi etmədiyimiz şeylərə görə ittiham edirlərsə, biz o təşkilatla necə ünsiyyətdə olaq?! Nə zaman ki, bizi başa düşəcək, bizimlə hesablaşacaq və bizi nəzərə alacaqlar, davranışımızı beynəlxalq səviyyədə qəbul olunan davranış kimi götürəcəklər, onda biz də əlaqələrimizi bərpa edəcəyik. Ancaq getdikcə biz görürük ki, Avropa Şurası, Avropa Parlamenti də daxil olmaqla Avropada yerləşən beynəlxalq təşkilatlar başa düşürlər ki, onlar səhv ediblər. Gürcüstan buna bir nümunədir. ABŞ-də yeni prezidentin hakimiyyətə gəlməsi, Fransadakı böhran buna dəlalət edir.
Biz milli maraqlarımızı müdafiə edəcəyik, heç kimin maraqlarıyla öz siyasətimizi təşkil etməyəcəyik. Bizim siyasətimiz Azərbaycan xalqının milli maraqlarını müdafiə etməkdir. Bu siyasətdə artıq böyük işlər görmüşük. Faktiki olaraq ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik və məcbur etmişik ki, bunu qəbul etsinlər.
- Mərhum prezident Heydər Əliyevin dövründən Azərbaycanın milli doktrinasında Avrointeqrasiya istiqaməti əsas götürülüb. Təbii ki, zaman dəyişdikcə siyasətdə də maraqlar fərqlənir, dəyişir, yeni reallıqlar yaranır. Azərbaycan hökuməti bu doktrinaya yenidən baxa bilərmi?
- Avrointeqrasiya Avropaya tabe olmaq demək deyil. Siz Avrointeqrasiya kursu ilə Avropaya tabe olub, onun vassalına çevrilmək siyasətini səhv salmayın. Avrointeqrasiya Avropa tərəfindən Azərbaycanın dəyərli partnyor kimi qəbul olunması, onun maraqlarını qəbul edərək, mövcudluğuna hörmətlə yanaşaraq, apardığı siyasəti nəzərə alaraq yürüdülən bir prosesdir. Avropaya tabe olmaq isə Ermənistana xas xüsusiyyətdir. Bir tərəfdən Rusiya ilə Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, digər tərəfdən də gedib Avropa Birliyinə sənəd yazıb ki, mən bu təşkilata qəbul olunuram, yaxud Amerika Birləşmiş Ştatları ilə strateji partnyor oluram. Niyə? Çünki onu öz milli maraqları maraqlandırmır. Onu o maraqlandırır ki, Amerika, Avropa gəlsin, bunu saxlasın, müdafiə etsin. Özü-özünü müdafiə edə bilmir, müstəqil dövlət deyil. Biz elə siyasət aparmamışıq və aparamayacağıq da.