Bəs yığmanın hazırlığı hansı səviyyədədi? Futzalçılar səfərə hansı məqsədlə yollanır? Kollektivdə ab-hava necədi?
“Football-plus.az”ın suallarını U-19-un baş məşqçisi İlqar Aslanov cavabladı:
“Yanvarın 10-dan 23-nə kimi təlim-məşq toplanışı keçdik. Bəzi futzalçılarımızın mikrozədəsi var. Lakin hamıya şans verməyə çalışacam. Hazırlıq səviyyəsini yaxşı dəyərləndirirəm. Həmçinin ölkə kubokunda 1/4 final oyunları keçirildi. Bu çərçivədə “Şuşa”nı məğlub etdik (4:2 – red.) və yarımfinala vəsiqə qazandıq. Qələbə əhval-ruhiyyəmizə müsbət təsir etdi. Gündə iki məşqə çlxdlq. Səfərdən qələbə ilə qayıtmaq istəyirik. Təəssüf ki, Kosovo yığmasını təhlil edə bilmədik. Ona görə ki, oyunlarının videogörüntülərini tapmaq mümkün olmadı. Mənə verilən bilgiyə görə, qrupun ən güclüsü Kosovodu. San Marinonu isə daha yaxşı təhlil etmişik. Hər halda, hər iki rəqibi məğlub edə biləcəyimizə inanırıq. Heyətə “Baku Fire”ın 1-ci liqada çıxış edən komandasından, “Sumqayıt” Futbol Klubundan oyunçular cəlb etmişik. Daha çox taktiki gedişlər və standart vəziyyətlər üzərində çalışdıq. Həmçinin rəqibin təzyiqindən xilas ola bilmək üçün məşqlər etdik. Yarışda, sadəcə, iştirak etmək yox, ən pis halda yaxşı oyun göstərmək istəyirik”.
Xatırladaq ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, 26-da San Marino ilə qarşılaşacaq. Əsas mərhələyə yalnız 1-ci yerin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri martın 21-dən 26-dək keçiriləcək.
KƏNAN BAHADIR