“Bu il evdəki son oyunumuz oldu. Bütün oyunlarda bizlərlə olduz, təşəkkür edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının 7-ci turunda Rumıniyanın FCSB klubuna 2:3 hesablı məğlubiyyətdən danışıb:
“Azarkeşlərə də təşəkkür edirəm. Şanslarımız az qalsa da, sona kimi bizə inandılar, güvəndilər. Haqları da var idi. Çünki belə çox oyunumuz var, son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları var. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Deməli, bunun bizim üçün faydası var, hazır olmalıyıq”.
- Fabyan Buntiçi qapıya qoymağa peşman oldunuz?
Xeyr. Koxalski zədəli idi. İki gün əvvəl zədələnmişdi. Peşman olmadım.
- Künc zərbələrində buraxılan qollarda səhvləri var idi?
- Birində ola bilər. Amma təkrarda baxdım, çox da asan qollar deyildi.
- FCSB-ni necə təsvir edərdiniz?
Pozitiv. Nəticəyə oynamağı bacaran kollektivdir. Fərqli futbol oynayırlar. Döyüşkən kollektivlərə həmişə pozitiv olmuşam. Rəqibimiz olsa da, onlara uğurlar arzulamışam.
- Elias Xaralambus komandanın oyununu təriflədi və qələbəni bəxtə bağladı. Siz bəxtə inanırsız?
- Bəlkə əvvəllər bəxtə daha çox inanırdım. Gözləyirdim ki, bəxtimiz gətirər. Yeni başladığım vaxtlarda. Sonralar daha işgüzar olmaq, daha çox əziyyət çəkmək lazımdır. Allah qarşılığını verir. Bəxt sözünü qəbul etmirəm. Bəlkə də mənə çatmır. Rəqib baş məşqçi isə nəyi var onu deyirdi. Onlar daha çox müdafiəyəmeyilli idilər.
- Hücum elementləriniz daha çox idi. Müdafiəni gücləndirməyi düşünürsüz?
- Müdafiə xəttində hansısa epizodlarda uduzduğumuzu deməzdim. Standart vəziyyətlərdə uduzduq.