AZ

Siyasi mədəniyyət anlayışı...

Ölkəmizdə vəziyyət necədir?

Əhalinin siyasi fəaliyyət aktivliyi, onun inkişafı və stimullaşdırılması dövlətin mövcudluğunun və tərəqqisinin bütün mərhələlərində böyük önəm kəsb edir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin inkişafı üçün vacib olan bəzi vasitələr var. Məsələn, müasir və demokratik dövlətlərin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları, siyasi mədəniyyətin formalaşdırılması bu qəbildəndir. Dövlətin həyata keçirdiyi layihələrin bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsidir.

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafının müasir mərhələsində əhalinin siyasi fəallıq və ictimai iştirakçılıq potensialını reallaşdırmaq üçün kifayət qədər geniş imkanlar mövcuddur. Son illər baş verən ictimai-siyasi transformasiyalar vətəndaş cəmiyyətinin müxtəlif sosial institutlarının ictimai-siyasi proseslərdə aktiv iştirakına əlverişli zəmin yaradıb.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında əlaqə

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. O, qeyd edib ki, demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır: “Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır”.

Böyük yol qət etmişik...

Hüquqşünas qeyd edib ki, dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır, bir-birindən asılı olur: “Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar mütərəqqi insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızdakı maddələrin böyük biq qismi vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cəmiyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilirlər. Bu gün sosial şəbəkələr informasiya xarakteri daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb”.

Bu, siyasi mədəniyyət elementi sayılır...

N.Məmmədov bildirib ki, istənilən cəmiyyətdə həm siyasi münasibətlər sistemi, həm də o cəmiyyətin ümumi inkişafı, təhlükəsizliyi, sabitliyi cəmiyyət üzvlərinin siyasi mədəniyyət səviyyəsindən çox asılıdır: “Təbii ki, siyasi mədəniyyətin mahiyyətini düzgün izah etmək və dərk etmək vacibdir. Siyasi mədəniyyət cəmiyyət üzvünün ətrafında cərəyan edən siyasi proseslərə reaksiyası və düzgün qiymətvermə bacarığı kimi izah oluna bilər. Yəni cəmiyyət üzvü baş verən proseslərə reaksiya verirsə, bu, artıq siyasi mədəniyyət elementi sayılır. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şəraiti, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin tam mövcudluğuna dəlalət edir. Siyasi mədəniyyət, həmçinin cəmiyyətdə siyasi iştirakçılıq imkanlarının olmasını önə çəkir”.

Ölkəmizdə insan hüquqları qorunur

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vətən müharibəsində qazandığı qələbədən sonra dünya miqyasında əsas diqqət mərkəzinə çevrilib. “Bu xüsusda ölkəmizdə insan və vətəndaş hüquqları ilə bağlı uzun müddət Ermənistan təbliğat maşınının təsiri nəticəsində həqiqəti əks etdirməyən və təhrif olunan məlumatlar beynəlxalq təşkilatlarda özünə yer tapıb. Bu, həm ikili standartların, həm qərəzin, həm də ölkəmizə qarşı məkrli mövqeyin nəticəsidir. Ancaq əminliklə demək olar ki, Azərbaycanda insan hüquq və azadlıqları qorunur, sosial-siyası fəallıq bunu deməyə əsas verir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
10
yeniazerbaycan.com

1Mənbələr