Bu gün Misli premyer-liqasında 20-ci tura start veriləcək.
Son turda qeydə alınan sürpriz nəticələrdən xəbərdarsız. Görünür, "mövsümün ikinci yarısı daha maraqlı keçəcək" deyənlərin proqnozu doğrulmaq üzrədi. 20-ci turun görüşləri də bu yöndə maraq doğurur ki, ilk matça cəmi üç gün qalıb. Görüş “CBC Sport”un efirində canlı yayınlanacaq. Turun qalan oyunları isə yanvarın 25-26-da keçiriləcək.
Misli premyer-liqası
3-cü dövrə, 20-ci tur
24 yanvar
Şamaxı – Zirə
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 17:+5=5-7, 17:20.
2015/16 – 0:0, 1:0; 2016/17 – 1:1, 1:1; 2017/18 – 0:1, 2:1; 2018/19 – 1:0, 1:3; 2019/20 – 2:0, 4:0; 2020/21 – 2:3, 2:2; 2021/22 – 0:2, 0:1; 2022/23 – 0:0, 0:3; 2024/25 - 0:2.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Şamaxı, şəhər stadionu. Saat 14.00.
“Şamaxı” “futbol ili”nin ikinci hissəsinə pis başlamadı. “Qarabağ”a qarşı əzmkar çıxışla diqqəti çəkən “şirlər” bəhrəsini görməsə də, növbəti sınaqlar üçün ümid verdi. “Zirə” isə iddialı “Araz-Naxçıvan”ı məğlub etməklə çox vacib qələbə qazandı. Qısası, hər iki komandanın düşərgəsində xoş ab-hava hökm sürür. Düzdü, bölgə təmsilçisinin hədəfi premyer-liqada qalmaqdı. “Qartallar” isə ilk “dördlük”dəki yerini möhkəmləndirmək, mövsümün sonunda avrokuboklara yollanmaq istəyir. Lakin bu, meydan sahiblərinin rəqibindən xal qoparmaq üçün əlindən gələni etməyəcəyini deməyə əsas vermir. Axı Ayxan Abbasovun komandası hələ istədiyini ala bilməyib. Üstəlik “Səbail” və “Kəpəz” də xal ehtiyatını artırmaqdadı. Bununla da bitmir. “Şirlər” son 12 matçda cəmi bir qələbə qazanıb. Belədə “Şamaxı” daha diqqətli olmalı, ehtiyatı əldən verməməlidi. Bu da o deməkdi ki, qəsəbə təmsilçisi səfərdən xal və ya xallarla qayıtmaq üçün xeyli güc sərf etməli olacaq.
Hər halda, indi fürsətlərdən yararlanmaq vaxtıdı. “Şirlər” “Neftçi”nin, “qartallar” isə “Sabah”ın xal itirməsiylə ələ düşən imkanı maksimum dəyərləndirməli və azı mövqeyini qorumaq üçün tər tökməlidi.
Komandalar indiyə qədər 33 dəfə qarşılaşıb. Bunların 13-də “Zirə”, 7-də “Şamaxı” qalib gəlib, 13-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 41:30.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta