AZ

Kaşğar - qədim “İpək yolunun ürəyi” - FOTOREPORTAJ

Pekin, 24 yanvar, AZƏRTAC

Ən qədim ticarət yollarından sayılan, bəlkə də elə ən qədimi olan İpək yolu Şərq ilə Qərb arasında təkcə ticarətin təşkilində deyil, həm də mədəni mübadilənin inkişafında böyük rol oynayıb. Bu amil qədim ticarət marşrutu üzərində yerləşən məmləkətlərin, şəhərlərin iqtisadi və mədəni inkişafına böyük təsir göstərib. Həmin şəhərlərdən biri qədim İpək Yolunun ürəyi sayılan Kaşğar şəhəridir.

Çinin Sincan Uyğur Muxtar Rayonunun cənubunda, Tarim hövzəsində yerləşən Kaşğar şəhəri təxminən 2 min il ərzində İpək yolunun vacib nöqtəsi kimi Çin ilə Mərkəzi Asiya, Avropa, Yaxın Şərq arasında qovşaq rolunu oynayır. Tarixən müxtəlif dövlətlərinin tərkibində olan Kaşğar özünəməxsus zəngin mədəni irs formalaşdıra bilib.

“Sincanın incisi” hesab edilən Kaşğar özünün tarixi mirası, zəngin mədəniyyəti, ənənəvi memarlığı ilə görənləri valeh edir. Kaşğar özündə müxtəlif dinləri, dilləri, mədəniyyətləri birləşdirən nadir yaşayış məskənlərindən biridir. Şəhərin qədim sakinləri İslamdan əvvəl zərdüştlük, buddizm dininə sitayiş etsə də, Qaraxanlı hakimiyyəti dövründən şəhərdə İslam dini üstünlük təşkil edib. Bir müddət Qaraxanlı dövlətinin paytaxtı olan Kaşğar dünyanın ən qədim daimi məskunlaşmış şəhərlərindən biridir. Onun haqqında qədim Çin, yunan, ərəb, hind, fars mənbələrində də söz açılır. Çin hökuməti 1986-cı ildə Kaşğarı tarixi və mədəni əhəmiyyətli şəhər elan edib. Hazırda paytaxt Urumçidən sonra Sincan Uyğur Muxtar Rayonunun 2-ci böyük şəhəri olan Kaşğarın əhalisinin əsas hissəsini uyğurlar təşkil edir. Uyğurlardan başqa şəhərdə hanlar (çinlilər), huycular (müsəlman çinlilər), özbəklər, taciklər və digər etnik qruplar da yaşayır.

Kaşğarın tarixi hissəsinin mərkəzini ənənəvi şərq şəhərlərində olduğu kimi bazar təşkil edir. Çində 5A kateqoriyalı turizm məkanı olan Kaşğar şəhərinin tarixi hissəsində xeyli sənətkarlıq dükanı var. Burda əl işləri, sənətkarlıq nümunələri, milli geyimlər satılır. Bazar hər gün açıq olsa da, xüsusən həftənin bazar günlərində və bayramlarda burada əsl qələbəlik müşahidə olunur. Deyilənə görə pik saatlarda ziyarətçilərin sayı 100 minlərlə ölçülür. Tarixən başqa məmləkətlərdən tacirlərin baş çəkdiyi bu bazar hazırda turizm məkanı kimi çox məşhurdur. Burada turistlər bölgənin mədəni irsinə dair suvenirlər, yerli qida məhsulları, milli geyimlər almaqla yanaşı, həm də küçəboyu milli üslubda dizayn edilən yeməkxanalarda, çayxanalarda bölgənin milli mətbəxinin təamlarını dada, milli musiqisini dinləyə bilirlər. Kaşğarın mətbəxi, xüsusən də uyğur plovu, çöp kabab, samsa, bozartmas dillər əzbəridir. Kaşğar bazarında satıcılar insaflıdır, sövdələşib razılığa gəlmək olur. Ətraf yaşayış məntəqlərinin sakinlər yetişdirkləri meyvə və tərəvəzləri, ədviyyatları, faydalı bitkiləri satmaq üçün bura gətirirlər. Şəhərin tarixi hissəsinin əsas küçəsinə birləşən məhəllələrdə sakinlər yaşayır. Bu məhəllələr dar küçələrdən, şərq üslubünda evlərdən ibarətdir.

Kaşğarda bir neçə tarixi məscid, o cümlədən məşhur Heytgah məscidi də günümüzədək qorunub saxlanılıb. Çin ərazisində ən böyük məscid olan Heytgah məscidi 1442-ci ildə inşa etdirilib. Sonradan bir neçə dəfə restavrasiya edildikdən sonra sahəsi 16 min 800 kvadratmetrə çatıb. Məsciddə eyni vaxtda 20 min nəfər ibadət edə bilər. “Heytgah” sözü “bayramlar meydanı” mənasını verir. Çünki milli və dini bayramlarda (Ramazan, Qurban və Novruz bayramları) sakinlər məscidin önündəki meydana toplaşar, bayramlaşar, şənlik edərdilər. Məscid bir neçə dəfə həm yenilənib, həm də genişləndirilib.

Heytgah məscidinin imamı Abbas Məhəmməd AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, məscid qüllə, günbəz, həyət, xanəgah və əsas ibadət zalından ibarətdir: “Məscidimizdə ibadət üçün hər cür şərait vardır. Məscidə gələnlər hər dəfə namazdan sonra burda bir az vaxt keçirərək bir-biri ilə söhbətləşirlər”.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
14
2
azertag.az

10Mənbələr