Bakı, TurkicWorld
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada bir milyon uşağın depressiya, narahatlıq və intihar düşüncələri səbəbindən təcili olaraq psixi sağlamlıq və psixososial dəstəyə ehtiyac duyduğunu bildirib.
TurkicWorld xəbər verir ki , bu vəziyyət BMT Təhlükəsizlik Şurasının Rusiyanın təşəbbüsü ilə keçirilən Qəzzada uşaqların vəziyyətinə dair iclasında müzakirə edilib. İclasda çıxış edən BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletcher Qəzzadakı vəziyyətin ağırlığını vurğulayıb.
Fletcher bildirib ki, atəşkəs bölgədə həyatları xilas etmək üçün bir imkan yaradıb, lakin uşaqlar hələ də ağır şərtlər altında yaşayırlar.
BMT-nin Uşaq Fondunun məlumatına əsasən, psixi sağlamlıq böhranı yaşayan uşaqların vəziyyəti onların gələcəyi üçün ciddi təhlükə yaradır. Fletcher bunun bir nəsil travması olduğunu ifadə edib.
Fletcher dünya ictimaiyyətini Qəzza və İordan çayının qərb sahilində beynəlxalq hüququn təmin olunması, humanitar yardımların artırılması və uşaqların təhlükəsizlik, təhsil və ümid kimi əsas hüquqlarına dəstək verməyə çağırıb.
O, "Qəzzanın uşaqları bu müharibənin girov zərəri deyil. Onlar da dünyanın bütün uşaqları kimi daha yaxşı bir gələcəyə layiqdirlər. İndi onların yanında olmalıyıq," - deyə bildirib.