Rusiya PUA-larının Kiyev vilayətinə gecə hücumu nəticəsində Fastov rayonunda və Brovarı şəhərində yanğın və dağıntılar baş verib. Xilasedicilər zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər və artıq 3 nəfərin həlak olduğu məlumdur.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) məlumat yayıb.
“Fastov rayonunda vurulan PUA-nın parçaları 10 mərtəbəli yaşayış binasına çırpılıb, 6-7-ci mərtəbələrdə yanğın və dağıntılara səbəb olub”, - deyə Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bildirilir.
Məlumatda əlavə edilib ki, 150 sakin təxliyə edilib, 6-cı mərtəbədən xəsarət almış kişi və 9-cu mərtəbədən qapalı vəziyyətdə qalan qadın xilas edilib. Hadisə yerində 49 xilasedici və 13 texnika çalışır, Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları zərərçəkənlərə yardım göstərirlər.