“Hazırda İranın prioriteti Qərblə olan qlobal məsələlər, xüsusən də Yaxın Şərqdəki hadisələrdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İran parlamentinin keçmiş deputatı Robert Beqlaryan “Ermənistan xəbərləri”-nin müxbirinə müsahibəsində İranın Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair sənədin imzalanması ilə bağlı heç bir rəsmi açıqlama verməməsinə toxunaraq deyib.
“Düşünürəm ki, İran Ermənistanın ciddi təhlükəsizlik vəziyyətində olduğunu bilir. Başa düşür ki, müharibə təhlükəsi çox ciddidir. İran Ermənistanla arasındakı sərhədlə bağlı qırmızı xətlərini açıq şəkildə göstərsə də, Tehranın sülh formatında irəliləyiş istəməsi təbiidir. Mövcud siyasi vəziyyət o qədər qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlə baş verir ki, İranın bütün ssenariləri gözdən keçirdiyi, hətta Zəngəzur dəhlizini açmağa çalışacağını güman etmək məntiqlidir”, - Beqlaryan bildirib.
Onun sözlərinə görə, bu kontekstdə unutmaq olmaz ki, İrana qarşı hərbi təhlükə yaranarsa, Azərbaycan da orada öz rolunu oynaya bilər:
“Ola bilsin ki, hər iki tərəf öz mövqeyini aydınlaşdırmağa çalışır. İran da şimaldan təhdidlər gözləyirsə, bəlkə də tərəflər hər şeyi ölçüb-biçməyə çalışırsa, Tehran Azərbaycanın oriyentasiyasının nə dərəcədə etibarlı ola biləcəyini anlamağa çalışır”, - deyə keçmiş deputat fikrini yekunlaşdırıb.