AZ

MTK RƏHBƏRLİYİ VƏ İCRA BAŞÇISINA SAXTAKARLIQ İTTİHAMLARI – “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət

“Biz, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi ev 7-15 ünvanında yerləşən və “Pilot Residence” MTK tərəfindən inşa olunmuş yaşayış binasının mənzil mülkiyyətçiləri, Sizə müraciət edərək, mülkiyyət hüquqlarımızın müdafiəsi istiqamətində iştirakınızı xahiş edirik”.

“AzPolitika” xəbər verir ki, bunu adıçəkilən MTK-nın tikdiyi binanın sakinləri Prezident İlham Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Ali Məhkəmənin sədri İnam Kərimova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Ombudsmana ünvanladıqları müraciətdə yazırlar.

Sakinlər qeyd edirlər ki, 2019-cu ildən etibarən “Pilot Residence” MTK dövlət əlaqələndirilməsi prosesinə riayət etmədən və müvafiq dövlət orqanlarının təsdiqini almadan Səbail RİH-nin 2017-ci ildə təsdiq etdiyi layihədən əhəmiyyətli dərəcədə kənarlaşmalara yol verərək, binanın həyətində 850 m2 qanunsuz ticarət obyekti və digər qanunsuz tikililər inşa edib: “Qanunsuz tikililərin mövcudluğu Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi və digər səlahiyyətli dövlət orqanları (FHN-nin Tikinti Təhlükəsizliyi, FHN-nin Yanğına Nəzarəti və s.) tərəfindən rəy və arayışlarla təsdiqlənib. Nəticədə, MTK binada yaşayan bütün sakinlər üçün qarşısıalınmaz maneələr törədərək, həyat və sağlamlığımızı təhlükə altına atıb. Şikayətimizin mediada işıqlandırılmasından sonra müvafiq dövlət qurumlarının müdaxilələri nəticəsində 2021-ci ildə qanunsuz tikililərin genişlənməsi dayandırılıb. Mövcud qanunsuz tikililərin ləğv olunması tələbi isə Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2023 və 2024-cü illərdəki müvafiq qətnamələrlə tam təsdiqlənib”.

Mükiyyətçilər daha sonra bildirirlər ki, “Pilot Residence” MTK və onun sahibi Babək İsmayılova binanın ərazisində 2019-2021-ci illər ərzində inşa etdiyi bu qanunsuz obyektlər kifayət etmir: “Belə ki, qonşuluqdakı “Kaspian” MTK ilə birgə binamızın giriş-çıxış yolunda yeraltı tunel inşa etməklə, qanunsuz tikililəri genişləndirmək səylərindən hələ də çəkinmir. Bu məqsədlə “Pilot Residence” və “Kaspian” MTK-lar dövlət təsdiqli 2017-ci ilin rəsmi layihəsindən və Həyətin Baş Planından əsaslı kənarlaşmaları əsaslandırmaq məqsədilə tamamilə yeni layihələr hazırlayıb. Eyni zamanda güya, FHN-nin Dövlət Ekspertiza İdarəsindən 2019 və 2021-ci illərdə dövlət təsdiqi əldə ediblər. Halbuki, nə Şəhərsalma və Tikinti Məcəlləsi, nə də FHN-nin daxili qaydalarına görə, FHN-nin Çoxmərtəbəli Yaşayış Binaları və ya ərazisində hansısa əsaslı inşaat nəzərdə tutan tikinti layihələrinə dövlət təsdiqi vermək səlahiyyəti mövcud olmayıb və yoxdur. Müraciətimizə cavab olaraq FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Pilot Residence”-in ərazisində hansısa obyekt və ya qazma işlərinin aparılmasına dövlət təsdiqi vermədiyi, əksinə “Pilot Residence” MTK-nın 2019-2021-ci ildəki qanunsuz işlərinə görə FHN tərəfindən ciddi sanksiyalara məruz qaldığı bildirilib. Təəssüflə bildiririk ki, Səbailin icra başçısı Vüqar Zeynalov və onun birinci müavini Vüqar Şixəmmədov həyətimizin yarısını zəbt etmiş mövcud qanunsuz tikililərə bəraət qazandırıb. 2017-ci ilin “Pilot” layihəsi olan “Pilot Residence” yaşayış layihəsinin icraatına məhz yerli icra hakimiyyəti dövlət nəzarəti funksiyasını həyata keçirir. Belə halda təbii sual yaranır: icra başçısı Vüqar Zeynalov və onun aparatı 2017-ci ildə rəsmi təsdiqli layihədən bu qədər kənarlaşmalara necə yol verib?”

Sakinlər onu da vurğulayırlar ki, MTK-nın təsisçisi və faktiki rəhbərliyi həyata keçirən Babək İsmayılov bina təsərrüfatının Sakinlərin Təşəbbüs Qrupuna təhvil verilməsindən müxtəlif bəhanələrlə imtina edir: “Mənzil Məcəlləsinə tam zidd olaraq MTK qanunsuz inşaatların genişləndirilməsi və əsassız kommunal yığımlarını nəzarətində saxlamaq məqsədilə 2023-2024-cü illər sakinlərin adına Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətinə düşüb, “Səbail-23” Cəmiyyətinin qurulması barədə mənzil sahiblərinin imzalarını saxtalaşdırmaqla etibarsız protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə bir neçə dəfə təqdim edib. Belə ki, imzaların əhəmiyyətli qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin etibarsız olduğuna isə ciddi əsaslar mövcuddur. Bəllidir ki, Babək İsmayılovun niyyəti yeni qanunsuz kommersiya tikililəri və binamızın girişində yeraltı dayanacaqlar üçün qazma işlərinə şərait yaratmaqdır”.

Mənzil Mülkiyyətçiləri Səbail rayonunun icra başçısından Babək İsmayılovun qanunsuz fəaliyyətinə verdiyi dəstəyi dayandırmağı, Şəhərsalma və Tikinti Məcəlləsi və Mənzil Məcəlləsinin tələblərinə riayət etməyi tələb edirlər.

“Möhtərəm Prezident, pozulmuş hüquqlarmızın bərpa olunması və yaşadığımız binanda qanunsuz tikilərin sökülməsi tələbi ilə bağlı Səbail Rayon Məhkəməsinə sakinlər olaraq iddiaçı qismində müracət etmişik və iddiamız qismən təmin olunmuşdur. Dövlətimizin qanunlarına, ədalətli və müstəqil məhkəmə sistemimizə inanırıq”, - müəlliflər ölkə rəhbərliyinə müraciətdə bildiriblər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

Seçilən
26
8
azpolitika.info

1Mənbələr