Sea Breeze

23 yanvar 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Aza, Darkənd və Azadkənd sakinlərinin müraciətləri dinlənilib. Şikayətlərin yerində araşdırılması, vətəndaş müraciətlərinin və mövcud problemlərin daha çevik və operativ şəkildə həlli məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan və ötən il ərzində beynəlxalq arenada əldə olunan mühim nailiyyətlərdən bəhs edib. Çıxış zamanı 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, eyni zamanda, düşmən tapdağından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyi barədə məlumat verilib.

İcra başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəyə yenidən toxunaraq, dövlət başçısının “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsini xatırladıb. Bildirilib ki, bu dəhliz Türk dünyası, eləcə də Avropa və Asiya qitələri arasında böyük kommunikasiya dəhlizlərinin keçəcəyi marşrut olaraq mühim əhəmiyyət kəsb edir. Layihənin reallaşması Muxtar Respublikanın, eləcə də dəhlizin əsas giriş qapısı hesab olunan Ordubad rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir. Görüşdə dövlət başçısının müsahibəsində qeyd etdiyi Ordubad şəhərinin baş planının hazırlanması barədə atılan addımların, bölgənin turizm potensialının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacağı xüsusi qeyd olunub.

“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumat verən İcra başçısı, 2025-ci ildən etibarən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətlənəcəyini bildirib. Çıxış zamanı, rayon ərazisində yaxın perspektivdə mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi, həmçinin daxili yolların bərpası istiqamətində də müvafiq işlərin görüləcəyi bildirilib. İcra başçısı Ordubad rayonunun gələcəkdə bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyini, bu məqsədlə də ilk olaraq yeni Hotel tikintisinin başlanması yönündə fəaliyyətin icra olunduğunu bildirib. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binası və “Ərbabın evi” adlanan tikililərin hərtərəfli bərpa olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi də qəbul iştirakçılarının diqqətinə çatdırılıb

Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların mülkiyyət hüququnun bərpası, zərərverici heyvanlara qarşı qanuni tədbirlərin həyata keçirilməsi, su arxlarının bərpası, yolun hərəkət hissəsinə sürət azaldıcı maneələrin quraşdırılması və sair problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

ETX
ETX
ETX