“Cənub qonşumuzun nəhayət öz səhvini anlamaq istəyini rəsmi Bakıya hiss etdirməsi əlbəttə müsbət haldır. Amma Bakı-Tehran münasibətlərinin tam olaraq düzəldiyini demək hələ tezdir. Təbii ki, Azərbaycan regionun bütün ölkələri ilə yaxın əlaqələr qurmaqda maraqlıdır. Amma gərək uzanan əli tutan əl də etibarlı olsun. Biz hələ ki, Tehranın etibarına inanmırıq. Çünki zaman-zaman etibarsızlığını görmüşük. Doğrudur, Azərbaycan əsilli siyasətçi qonşu ölkədə hakimiyyətə gəlib. Onun gəlişindən sonra müsbətə doğru nələrsə sezilməkdədir. Amma unutmayaq ki, orada əsas söz sahibi Ali Dini Liderdir”.
Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O bildirib ki, son bir həftədə İran Azərbaycanın ictimaiyyətində də müsbət qarşılanan iki qərar verib:
“Amma unutmayaq ki, həmin terrorçunun edamı çox yubandı, İran tərəfi Azərbaycanın israrı qarşısında geri çəkildi. Əks təqdirdə edam qərarının icra edilməməsi üçün dəridən-qabıqdan çıxdıqlarını unutmamışıq. Cinayətkarın İran televiziyasına çıxarıldığı da yaddaşlardadır. Azərbaycanlı tələbəyə gəldikdə isə, cəzasının bitməsinə bir ay qalmışdı. Bunu da unutmamalıyıq. Doğrudur, istəsələr əlavə qondarma ittihamla Fəridi saxlayardılar. Amma ortada Azərbaycan Prezidentinin iradəsi var idi. İlham Əliyev ömürlük cəza alan Ramil Səfərovu ölkəmizə gətirib əfv edən siyasətçidir. Fəridin də orada uzun zaman saxlanılmasına icazə verməzdi”.
Siyasi şərhçi bildirib ki, İranın səmimiyyəti Zəngəzur dəhlizi məsələsində bəlli olacaq:
“Bəllidir ki, cənub qonşumuz Azərbaycana görə dəhlizin açılmamasına var gücü ilə çalışan yeganə ölkədir. Dəhlizin açılması yönündə açıqlama versinlər, onda deyək ki, “ağıllanırlar”. “Şimal-Cənub” dəhlizinin tamamlanmasının sürətləndirilməsi ilə bağlı Azərbaycanla əldə olunan razılığa gəlincə, bu daha çox İrana sərf edir. Çünki cənub qonşumuz uzun illərdir ki, ağır sanksiyalarla üz-üzədir. Onun üçün də yeni-yeni pəncərələrin açılmasına ehtiyac var. Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla iqtisadi əlaqələri üst səviyyədə qurmağa İranın böyük ehtiyacı var. Bakı ona uzanan əli hər zaman etibarlı şəkildə sıxıb. Bu dəfə də İran əl uzadacaq, qarşılıq veriləcək. Əks təqdirdə yenə də son illərdə necə layiqli cavab verildisə eyni reaksiyanı görəcəklər. Prezident İlham Əliyevin də də dediyi kimi, Azərbaycanla heç bir ölkə və heç kim diktə dili ilə danışa bilməz. Zaman o zaman deyil. Dünya düzəni hər gün dəyişməkdədir. Bu regionun da oyunçuları var və o sırada Azərbaycan öndə gəlir. Gözləyək. İranın səmimiyyətini yaxın zamanlarda görəcəyik”.
//Gülnarə Abasova, Editor.az