“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun “Hoffenhaym”la səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, “mahmızlar” 3:2 hesablı vacib qələbə qazanıblar.
Angelos Postekoqlu matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Avropada səfər oyunlarında qalib gəlmək asan deyil. Dünən axşam Çempionlar Liqasının oyunlarını izləyirdim və orada səfərdə yalnız bir qələbəyə şahidlik etdim (“Sparta Praqa” – “İnter” – 0:1 – redaktorun qeydi).
Biz oğlanların haqqını verməliyik. Düşünürəm ki, onlar birinci hissədə əla oynadılar. Fasilədən sonra komanda yorğun görünsə də, çıxışına ləyaqətlə davam etdi. “Sonni” (Son Hın Min – “Tottenhem”in cənubikoreyalı sol cinah hücumçusu – redaktorun qeydi) əla qol vurdu və bizə təhlükəsizlik hissini bəxş etdi, sonda isə məktəbdən olan uşaqlar oynadılar”, – “TNT Sports” dərgisi yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.
7 oyundan 14 xalla “Tottenhem” Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Mahmızlar” yarışın ələmə mərhələsinə birbaşa vəsiqəni – 1/8 finala yüksəlişi hədəfləyiblər.
“Hoffenhaym” isə 6 xalla 28-ci pillədə qərarlaşıb.