AZ

Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir...- MÜSAHİBƏ

Image

Vüsalə Ağabəyli: “Əksər hallarda, qeyd etdiyimiz bazalarda məqalə yerləşdirmək üçün ayrılmalı olan maddi vəsaitin olmaması...”

Müasir elmi çağrışların tələbləri də fərqlidir. Bu gün alimlərin potensialı, tədqiqatlarının nəticələri, əldə etdiyi uğurların əsas hissəsinin elmmetrik bazalarda yerləşdirilməsi əsas şərtlərdən biridir. 

Azərbaycan alimlərinin elmmetrik aktivliyini təhlil edən bəzi ekspertlər deyirlər ki, bizdə bu göstərici elə də yüksək deyil. Hətta belə bir fikir də var ki, dünyada elmi jurnalların elmmetrik bazalarda yeri artdığı bir dövrdə bizdə bu göstərici də aşağıdır.     

Əksəriyyət deyir ki, bizim alimlərin elmmetrik aktivliyi elə də güclü deyil. Məsələn, iddialara görə, bizim alimlərin tədqiqatlarının, elmi nəticələrinin nüfuzlu elmmetrik bazalarda indeksləşdirilməsi elə də yüksək səviyyədə deyil. Bəzi alimlər deyir ki, xarici elmi jurnallarda, eləcə də o bazalarda  məqalə çapının qiyməti 800-3000 ABŞ dolları arasında dəyişir, bəzən daha baha olur, bu isə bizim alimlərin büdcəsinə uyğun deyil. Söhbət nüfuzlu beynəlxalq elmi bazalara çıxışdan, orda çapdan, alimlərimizə istinaddan gedir.

“Təbii ki, bu cür bazalarda yer almaq və H-indeksi üzrə irəliləmək çox çətin məsələdir”

Bu barədə filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylidən  müsahibə götürdük. 

- Vüsalə xanım, elmmetrik baza nədir?

- Elmmetrik baza elmi nəşrlər, məqalələr, tezislər, jurnallar, konfrans materialları, sitatlar və alimlərin profilləri haqqında məlumat verən rəqəmsal repozitordur. Bu məlumat bazaları müasir elm məkanında alimin elmi fəaliyyətini, xüsusilə də Scopus, Web of Science və Google Scholar kimi profillərini təhlil edir və statistikasını aparır, tədqiqatın təsirini, yəni digər tədqiqatçıların elmi araşdırmalarına verdiyi töhfəni istinadlara əsasən müəyyən etməyə və keyfiyyətini ölçməyə kömək edir. Hər bir alimin elmi nəşrlərinə olan istinadlar onun H-indeksinin irəliləməsinə imkan yaradır. Lap sadə dildə izah etsək, bu, bir alimin elmi fəaliyyətini dünya bazarına-müstəvisinə təqdim etdiyi platformadır. 

- Bunun bizim alimlər və dünya alimləri üçün əhəmiyyəti nədir?

- Azərbaycan alimləri üçün elmiometrik verilənlər bazaları qlobal akademik mühitdə tanınma və əməkdaşlığa qapı rolunu oynamaqla yanaşı, onlara işlərini beynəlxalq səviyyədə nümayiş etdirməyə və aparıcı alimlərlə əlaqələr qurmağa imkan verir. O cümlədən, həmin alimin çalışdığı və tədqiqat apardığı ali təhsil müəssisəsinin də reytinqinin yüksəlməsinə xidmət edir.

- Bəs Azərbaycan alimlərinin elmmetrik bazalara çıxışı nə qədərdir?

- Təbii ki, bu cür bazalarda yer almaq və H-indeksi üzrə irəliləmək çox çətin məsələdir. Çünki şərtlər hədsiz mürəkkəbdir və əksər hallarda böyük vəsait tələb edilir. Texniki, təbiət elmləri və IKT üzrə aparılan tədqiqatlarla daha rahat və çox vaxt maddi vəsaitsiz çıxış imkanları olduğu halda, humanitar elmlər üzrə vəsaitsiz sistemə düşmək imkanı ya hədsiz uzun müddət çəkir (bəzən 2 ildən də çox), ya da imkansızdır. Bu şərtlərin özü də Q1, Q2, Q3, Q4 jurnallarında nəşrlərə uyğun olaraq dəyişir və elmometrik çəkisi də fərqlənir. Məsələn, Erih Plus, COPERNİCUS bazalarına çıxış imkanları nisbətən əlçatan olduğu halda, SCOPUS və Web of Science bazalarında yer tuta bilmək xeyli çətindir. Bunun üçün tədqiqata cəlb edilən istiqamət aktuallıq və əhəmiyyət kəsb etməklə yanaşı, güclü metodologiyalara əsaslanmalı, düzgün sitatlar və etik tədqiqat təcrübələri (plaqiatçılıqdan uzaq) daxil olmaqla beynəlxalq akademik standartlara cavab verməlidir. Keyfiyyətin artırılması və alimin nüfuz göstəricisinin yüksək olması üçün beynəlxalq tədqiqatçılarla əməkdaşlıq edilməsi də önəmli məqamlardandır. 

- Bizim alimlər hansı şərtlər daxilində o bazalara daxil ola bilirlər? 

- Əksər hallarda, qeyd etdiyimiz bazalarda məqalə yerləşdirmək üçün ayrılmalı olan maddi vəsaitin olmaması və institusional dəstəyin az olması səbəbindən Azərbaycan alimləri üçün elmiometrik məlumat bazalarına giriş imkanlarını azaldır. SCOPUS, Web of Science kimi elmi bazalarda yer tutmaq 900-1500 dollar, Erih Plus, COPERNİCUS kimi bazalara çıxış imkanları isə 300-600 dollar kimi vəsait tələb etdiyi halda, maddi durum, gündəlik tələbatlar və əmək haqqı ilə uyğunsuzluq təşkil edir. 

Məsələnin yaxşı tərəfi isə odur ki, son dövrlər, Ali Attestasiya Komissiyasının elmi fəaliyyətlə məşğul olan, elmi dərəcə və elmi ad üçün müraciət edən tədqiqatçıların qarşında qoyduğu tələb, sadaladığımız elmi bazarlar nəşr olunma həm alimin şəxsi reputasiyasına, həm universitetin akademik reytinqinə, həm də ümumilikdə, Azərbaycan üzrə elmi statistik göstəricilərin artımına müsbət təsirini göstərir. 

- Elmmetrik bazalarda aktivliyin artması, Azərbaycanın elmi reytinqinin yüksəlməsi üçün nə etmək lazımdır?

- Azəbaycan elmi mühitində bu sahəni inkişaf etdirmək, fəaliyyəti artırmaq və elmi reytinqi yüksəltmək üçün müxtəlif addımlar atıla bilər. Məsələn, infrastrukturun təkmilləşdirilməsi, əsas elmiometrik verilənlər bazalarında lokal abunələrə sərmayə qoyulması və yerli universitetlərin elmi nəşrlərinin həmin bazalarda yerləşdirilməsi böyük nəticə verə biləcək dəyişiklik olar. Bundan başqa, gənc tədqiqatçılar üçün xarici dildə, xüsusilə, ingilis dilində akademik yazı, nəşr standartları və təqdimetmə prosesləri üzrə seminarların təşkil edilməsi, motivasiyanı artırmaq məqsədilə müəllimlərin elmi reytinq qiymətləndiriməsi üzrə mükafatlandırma, xarici alimlərlə həmmüəlliflik aparılan tədqiqatlar və beynəlxalq əməkdaşlıq, Azərbaycanda elmmetrik göstəricilərin inkişafı üçün təşviq mexanizmini yerinə yetirə bilər.

İradə SARIYEVA





Seçilən
41
baki-xeber.com

1Mənbələr