Məşhur isveçli mütəxəssis Sven-Yoran Erikssonun ailəsi mərhumun şəxsi əşyalarını və mükafatlarını hərraca çıxarıb.
Arena.az bu barədə “Mirror” nəşrinə istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl, Erikssonun ölmündən sonra çoxmilyonluq borcları olduğu haqda məlumat yayılmışdı.
Mənbənin məlumatına görə, Erikssonun ən böyük borcu Böyük Britaniyadakı vergi öhdəlikləridir və bu borcun ödənilməsi üçün isveçli mütəxəssisin ailəsi Erikssounun İngiltərədə keçirdiyi dövrə aid gündəliklərini və qənimətlərini hərraca çıxarıb. Qənimətlər arasında dünya çempionarlarının və 2004-cü il Avropa Çempionatının mükafatları, 1999/2000-ci illər mövsümü İtaliya A Seiyasının və 2000-ci il İtaliya Kubokunun qalib mükafatları, həmçinin “Armani” və “Burton”dan olan pencək və gödəkçələr var. Hər bir alqı-satqı vahidi üçün başlanğıc qiyməti 7 funt-sterlinq məbləğindədir.
Xatırladaq ki, Eriksson 2024-cü ilin avqust ayında mədəaltı vəzi xərçəngindən 76 yaşında vəfat edib.
1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoriya” və “Latsio”da da baş məşqçi olub.
İsveçli mütəxəssis “Benfika”ya Portuqaliya çempionluğunu (3 dəfə), Portuqaliya Kubokunu və Portuqaliya Super Kubokunu qazandırıb. “Roma”ya İtaliya Kubokunu qazandırmış Eriksson müvafiq uğuru “canavarlar”ın əzəli rəqibi “Latsio” ilə daha iki dəfə təkrarlayıb, həmçinin eyni sayda İtaliya Super Kubokunun qalibi olub. Erikson “Latsio” ilə həmçinin İtaliya A Seriyasının qalibi olub, “qartallar”a UEFA Kuboklar Kubokunu və UEFA Super Kubokunu qazandırıb.
2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.