Azər Həsrət: "Ermənistanın taleyi də təxminən Ukrayna və Gürcüstanın bu yoldakı taleyi ilə eyni olacaq"
Son zamanlar Rusiya və Ermənistan arasında İrəvanın Avropa İttifaqına daxil olmaq barədə qəbul etdiyi qanun ciddi müzakirə mövzusuna çevrilib. Rusiya Ermənistanın "axillis dabanı"ndan tutaraq onu seçim qarşısında qoyub: ya Aİ, ya da Aİİ…
Ermənistan isə "nə əldən qoyma, nə yardan doyma" prinsipi ilə nə Aİİ-nin gətirdiyi iqtisadi dividendlerdən vaz kecə, nə də Avropadakı ağalarının əlini geri çevirə bilir.
Əgər bu yaxınlarda Moskvada Rusiya və Ermənistan XİN rəhbərləri arasında aparılan danışıqlardan danışsaq, mətbuat konfransında, o cümlədən bu məsələlərlə bağlı müvafiq şərhlər verildi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 23-də keçirdiyi brifinqdə bildirib.
O, jurnalistin sualını belə cavablandırıb: “Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvan Aİİ-dən çıxmağı planlaşdırmır, baxmayaraq ki, respublika hökuməti eyni zamanda Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsini təsdiqləyib. Eyni zamanda, hamımız bilirik ki, Moskva əvvəllər bir neçə dəfə təkrarlayıb ki, eyni vaxtda iki barışmaz qurumda qalmaq mümkün deyil. Bu yaxınlarda isə ölkələrimizin Xarici İşlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan arasında danışıqlar olub".
“Müvafiq olaraq nəticələrlə bağlı mesaj da dərc olundu. Bu azdırsa, yenə deyirəm, orada hər şey var. Söhbət səmimi idi, amma hər şey açıq deyildi. Çox şey bağlı qapılar arxasında idi. Üç saat bağlı qapılar arxasında danışıqlar getdi", - deyə Zaxarova vurğulayıb.
"Maraqlıdır, bu danışıqlar zamanı erməni tərəfi hər hansı şərh veribmi və ya eyni vaxtda iki stulda oturmaq istəyini izah edibmi? Bəs Rusiya Xarici İşlər Nazirliyinin bu məsələyə münasibəti necədir?” - Zaxarova hər vəchlə özü qoyduğu bu sualdan yayındı.
Rusiya ilə Ermənistan bu məsələdə nəyə razılaşa bilər, yoxsa ümumiyyətlə razılıq mümkün deyil?
“Bakı-Xəbər” qəzetinə bu xüsusda verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi ki, əlbəttə, məntiqlə Ermənistanın eyni vaxtda iki stulda oturması mümkun deyil, yəni o, eyni zamanda bu qurumların hər ikisində təmsil oluna bilməz: "Amma bir məsələni unutmayaq ki, Ermənistanın Avropa Birliyinə üzvlüyü hələ arzu, xəyal və ya xülyadan başqa bir şey deyil. Birincisi, Avropa Birliyi Ermənistanı ona üzvlüyə dəvət etməyib, ikincisi, dəvət edəcəyi təqdirdə belə onu dərhal üzvlüyə qəbul edəsi deyil. Ona qalsa, bir zamanlar Gürcüstan bu birliyə dəvət edilmişdı, onun üzünə qapılar taybatay açılmışdı, ölkə Avropa Birliyinə doğru yürüyürdü. Eləcə də Ukrayna Avropaya inteqrasiyaya həvəslənmişdi, bu yolda müəyyən məsafə də qət eləmişdi. Amma gördünüzmı nələr baş verdi? Bu gün Avropa özü Gürcüstanı kənara itələyir. Hazırda Avropa Gürcüstanın yeni hakimiyyəti ilə iş birliyində maraqlı deyil, o müraciət etsə belə, Avropa onu qəbul etməz. Hesab edirəm ki, Ermənistanın taleyi də təxminən Ukrayna və Gürcüstanın bu yoldakı taleyi ilə eyni olacaq. Ona görə ki, onlar "nə əldən qoyur, nə yardan doyur". Yəni Avropa Birliyi "bizi qəbul edəcək yoxsa yox" sualının cavabı Ermənistanda yoxdur. Ona görə də Ermənistan Aİİ-dən çıxmağa tələsmir. Bir növ Ermənistan Aİİ-ni ehtiyat variantı kimi saxlayır ki, birdən Avropa Birliyi onu qəbul etməz, "Əli aşından da olar, Vəli aşından da", ortalıqda yalqız qalar, işləri bir az da cətinləşər.
Ermənistan Aİİ-dən çıxsa, birincisi, ölkə böyük bir bazarı itirəcək. İkincisi isə, Azərbaycanla münasibətlərin nörmallaşdırılması istiqamətində də bu kartdan istifadə edirlər. Yəni Ermənistan Aİİ-dən çıxsa çox şey itirəcək. Bu baxımdan Ermənistanın "bir ayaği kommunizmdə, digər ayağı isə sosializmdə" qalıb. Onun gələcək taleyi necə olacaq, bunu zaman göstərəcək. Bu, klassik erməni siyasətidir - hər tərəfdən yapışırlər, mütləq hər tərəfdə olmağa çalışırlər ki, hər tərəfdən öz mənafelərı üçün istifadə etsinlər".
Dəniz NƏSİRLİ