“Atalanta”nın italiyalı qapıçısı Pyerluici Qollini “Atalanta”dan ayrılaraq A Seriyasının digər təmsilçisi “Roma”ya keçib.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
“Canavarlar” bu transferi 800 min avroya rəsmiləşdiriblər. Paytaxt klubu ilə 29 yaşlı qapıçı arasında bağlanmış müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. O, yeni klubunun heyətində 95 nömrəli formanı geyinəcək.
Pyerluici Qollini yeniyetməlik çağlarında SPAL, “Fiorentina” və “Mançester Yunayted” kimi klublarda forma geyinib. O, peşəkar karyerasına “Verona”da başlayıb. “Aston Villa”da da oynamış qolkiper 2017-ci ildə “Atalanta”ya cəlb olunub. Təcrübəli qolkiper Berqamo təmsilçisinin heyətində bütövlükdə 112 oyuna çıxıb, 120 qol buraxıb, 38 matçda qapısını toxunulmaz saxlayıb. Qollini bu müddət ərzində “Tottenhem”də, “Fiorentina”da və “Napoli”də icarədə də olub. Bu mövsümün əvvəlində isə o, icarə əsasında “Cenoa”ya keçmişdi. O, Genuya klubunun heyətində 7 oyuna çıxıb, 15 qol buraxıb, cəmi matçdan “quru” çıxıb. Qollini məhz “Roma”dan aldığı təkliflə əlaqədar “Cenoa” ilə mövsümün sonunadək nəzərdə tutulmuş icarə müqaviləsinə xitam verməli olub.
İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra Qollini, 2019-cu ilin noyabr ayında ölkəsinin əsas millisində debüt edib. Amma ondan sonra bu qapıçıya əsas yığmada bir daha ehtiyac duyulmayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı qapıçının transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, “Roma” Pyerluici Qollinini bir neçə gün öncə Fransanın “Lans” klubuna satdığı avstraliyalı qapıçı Metyu Rayana əvəzedici kimi gətirib. Hansı ki, Metyu Rayan daha çox ehtiyat qapıçı idi.