AZ

100 gün planı...

Tramp “sülh prezidenti” ola biləcəkmi?

Dünyanın supergüc dövləti olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilən Prezidenti Donald Tramp seçkiqabağı təşviqat kampaniyasında seçicilərin etimadını qazanıb Ağ Evə qayıdacağı təqdirdə qısa müddətdə Rusiya-Ukrayna müharibəsini dayandıracağı vədini verirdi. Seçicilər ona etimad göstərdilər. Yanvarın 20-də baş tutan andiçmə mərasimi ilə Ağ Evdə administrasiya dəyişikliyi reallaşdı. İndi söz D.Trampındır. O, vədinə əməl edib Rusiya-Ukrayna müharibəsini qısa müddətdə dayandıra biləcəkmi?

Dəhşətli müharibənin hər gün artan fəsadları

Müşahidələrə əsasən deyə bilərik ki, Trampın vədi əslində müharibəyə cəlb olunan hər iki dövlətin istəyi ilə üst-üstə düşür. Bu, eyni zamanda bütün dünyanın (bəzi dövlətləri çıxmaq şərtilə) istəyidir. Çünki 2022-ci il fevralın 24-də başlayan və artıq üç ildir ki, davam edən dəhşətli müharibənin həm milli səviyyələrdə, həm də qlobal miqyasda yaratdığı fəsadlar çox böyükdür və bu fəsadlar ötən hər gün daha da dərinləşir. İnsan faciələri, xüsusilə də yüz minlərlə gəncin həyatını itirməsi, heç şübhəsiz ki, müharibənin ən ağır nəticəsidir. Ukrayna demoqrafik fəlakət içərisindədir. Verilən məlumatlara əsasən, hələ müharibədən əvvəl Ukraynada bu sahədə böhran olsa da, aktiv döyüş əməliyyatları başlayandan sonra vəziyyət faciəvi hal alıb. Yeddi milyon insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi bildirilir.  Ən azı beş milyon ukraynalı isə hazırda Rusiyanın nəzarəti altına keçən ərazilərdə yaşayır. Əgər 1990-cı illərin əvvəllərində Ukrayna əhalisinin sayı 51,5 milyona çatmışdısa, hazırda Kiyevin nəzarətində qalan ərazilərdə cəmi 29 milyon insan yaşayır. Ukraynanın iqtisadiyyatı da iflic hala düşüb. İş o yerə çatıb ki, ölkənin büdcəsi Qərb dövlətləri tərəfindən dəstəklənir.

Müharibənin Rusiyaya vurduğu ziyanın miqyası da kifayət qədər böyükdür. Bu ölkə də yorucu müharibəyə cəlb olunduğunun fərqindədir. Aktiv döyüşlərdə Rusiyanın daha çox sayda hərbiçi itirdiyi bildirilir. Rusiya 3 il ərzində hərbi sənayesini əhəmiyyətli dərəcədə səfərbər etməyi bacarsa da, Qərbin tətbiq etdiyi ardıcıl sanksiyalar fonunda digər sahələrdə geriləmələr qaçılmaz olub. Xüsusilə də neft-qaz ehtiyatlarının, qiymətli metalların ixracının məhdudiyyətlər altına düşməsi nəticəsində ölkə milyardlarla dollar həcmində gəlirdən məhrum qalır. Buna görə də hazırda Rusiya özünün karbohidrogen resurslarını bir sıra ölkələrə dünya bazarı qiymətlərindən xeyli ucuz satmaq zərurəti ilə üz-üzə qalıb.

Uzanan müharibə həm də demək olar ki, bütün dünya üçün mühüm tendensiyalar formalaşdırıb. Müharibə coğrafiyasının genişlənməsi ilə bağlı xəbərlər Avropada böyük həyəcanla izlənilir. Eyni zamanda, Rusiyaya tətbiq olunan sanksiyalar Avropa İttifaqı məkanında təchizata mənfi təsir göstərir, istehsal zəncirində qırılmalar müşahidə edilir, inflyasiya artıb və enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb.

Bu kimi reallıqlar fonunda Trampın müharibəni qısa müddətdə dayandıracağı ilə bağlı vədi bir ümid işığı kimi görünür. Burada böyük supergüc dövlət kimi ABŞ-ın, xüsusilə də Bayden-Blinken administrasiyasının məsuliyyəti də önə çıxır. Yeni administrasiyada etiraf olunur ki, milyonların faciəsinə səbəb olan müharibənin başlamasında və uzanmasında Ağ Ev də bu və ya digər formada rol alıb. D. Trampın cəsarətlə “mən ABŞ-ın prezidenti olsaydım, müharibə başlamayacaqdı” deməsi heç də təsadüfi deyil.

“Ukraynaya görə, ABŞ Prezidenti Co Bayden Qərb və Rusiya arasında demək olar ki, nüvə münaqişəsinə çevrilə biləcək müharibəyə səbəb olub”. Bu fikri isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ifadə edib. “Baydenin qərarlarının təsirləri uzun müddət davam edəcək. Rusiya ilə ABŞ arasında münasibətlərin tam normallaşması üçün onilliklər lazımdır”, - deyə Medvedev vurğulayıb.

Yeni administrasiya: Müharibə başa çatmalıdır

Trampın ardıcıl açıqlamaları fonunda yaranan suallardan biri belədir: O, “sülh prezidenti” ola biləcəkmi? Ağ Evin yeni sahibinin özü təşviqat kampaniyasında olduğu kimi, yenə də sülh ritorikasından çıxış edir. O, dünyadakı münaqişələrin həllində iştirak edəcəyini bildirib. “Bizim uğurumuz təkcə qalib gəldiyimiz döyüşlərdən yox, həm də bitirdiyimiz müharibələrdən ibarət olacaq. Müharibələrə cəlb edilməmək vacib olacaq. Mən sülhməramlı və insanları bir araya gətirən insan olmaq istəyirəm”, - deyə D.Tramp son açıqlamalarının birində vurğulayıb.

ABŞ-ın sülh gündəliyində Rusiya-Ukrayna müharibəsinin hansısa bir formada sonuclanmasına xüsusi önəm verilir. “The Wall Street Journal” (WSJ) qəzetinin yaydığı məlumata əsasən, Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəni 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib. Mənbələr Trampın Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətində olduğunu bildiriblər.

Bu arada ABŞ dövlət katibindən də Ukrayna ilə bağlı “Müharibə başa çatmalıdır” məzmunlu ilk açıqlama gəlib. “Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib”. - deyə yeni dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-ın rəsmi siyasətinin tərkib hissəsi olacaq. Fikirlərinə davam edən dövlət katibi vurğulayıb: “Bu, Ukraynaya, eləcə də Rusiyaya və Avropanın sabitliyinə böyük ziyan vuran mürəkkəb, faciəli müharibədir. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır”.

Bəs Ağ Ev müharibəni hansı ssenari ilə bitirmək istəyir?

Əsas məsələlərdən biri müharibəni hansı ssenari əsasında bitirməklə bağlıdır. Trampın Rusiya ilə Ukrayna arasında müharibənin sonclanmasını özündə ehtiva edən 100 gün planı anons edilsə də, detallara aydınlıq gətirilmir və yaxud bunlar geniş ictimaiyyətdən gizli saxlanılır. Razılaşmanın çətin başa gələcəyini deməyə əsas verən məqamlar isə çoxdur. Hazırda Ukrayna ərazisinin təxminən 20 faizi Rusiyanın nəzarəti altındadır. Ukrayna torpaq itkisi ilə sülhə razı olacaqmı? Və yaxud Rusiya sülh müqabilində itkilər hesabına nəzarəti altına keçirdiyi ərazilərdən geri çəkiləcəkmi? Rusiya NATO-nun genişlənmə planının müharibəyə səbəb olan əsas amil kimi göstərir. Moskva Şimali Atlantika Alyansının Ukraynanı öz sıralarına qatmaqla Rusiyanın sərhədlərinə doğru genişlənməsini özünün qırmızı xətti saydığını dəfələrlə bəyan edib. NATO-nun Rusiyanın sərhədlərinə doğru genişlənməsi təxirə salınacaqmı? Müharibənin başa çatması üçün 100 günlük planda bu kimi suallara aydınlıq gətirilməlidir.

Hələlik bəyan olunan “müharibəni birirmək” planında çoxsaylı sualların cavabı açıq qalsa da, Ağ Evdən gələn son bəyanatlarda tərəflərin müəyyən güzəştlərə getmək məcburiyyətində qalmalı olduqlarına işarələr edilir. O qənaət hasil olur ki, planlarda həmçinin tərəflərin şərtlər əsasında sülhə məcbur edilmələri də istisna olunmur. Bunu Trampın açıqlamasından da görmək mümkündür. Rusiyaya zərər vermək niyyətinin olmadığını və Ukraynada nizamlanma ilə bağlı saziş imzalamağın vaxtının çatdığını deyən Tramp əslində Rusiyanı seçim qarşısında qoyub. Sitat: “Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ Moskvanın satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək. Ukrayna münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Mən asan yola üstünlük verirəm. Rusiyaya zərər vermək istəmirəm”.

Eyni zamanda, söhbət yalnız yeni administrasiyanın Rusiyaya yönəlik şərtlərindən getmir. Yeni adminstrasiya dönəmində Ukraynanın da ABŞ-ın qəzəbinə tuş gəlmək ehtimalları tam realdır. Təsadüfi deyildir ki, son günlərdə Vaşinqtodan Kiyevə maliyyə dəstəyinin və sursat təchizatının azaldıla biləcəyi ilə bağlı siqnallar verilir.

Moskva şərtləri araşdırır, Kiyev təhlükəsizlik qarantı istəyir...

Şübhəsiz ki, müharibəni sonuclamaqla bağlı 100 gün planının detalları gözlənilən Tramp-Putin görüşündə ətraflı müzakirə olunacaq. Tramp bu görüşün mümkün qədər tez bir zamanda baş tutmasını istəyir. Öz növbəsində Putin də görüş niyyətini açıqlayıb. Rusiya Prezidenti bildirib ki, ölkəsi ABŞ-ın yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır. “Biz Ukrayna məsələsində ABŞ-ın yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır. Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır”, - deyə  Putin vurğulayıb.

“Moskva ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin başa çatması ilə bağlı təklif etdiyi razılaşmanın şərtlərini araşdırmalıdır”. Bu fikri isə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Reuters” agentliyinə bildirib. Rusiya Prezidentinin “Ukrayna böhranının köklü səbəblərinin aradan qaldırılmasının zəruriliyi” fikrini bir daha xatırladan diplomat vurğulayıb: “Buna görə də biz Prezident Trampın başa düşdüyü “razılaşmanın” nə demək olduğuna baxmalıyıq. O, ABŞ-ın 2014-cü ildən bəri Ukraynanı “anti-Rusiyaya” çevirərək və bizimlə müharibəyə hazırlayaraq etdiklərinə görə məsuliyyət daşımır, lakin bu zərərli siyasəti dayandırmaq onun səlahiyyətindədir”.

Rəsmi Kiyev də Ağ Evin yeni planlarına birmənalı yanaşmır. Ümumiyyətlə, Ukraynanın mövqeyində tərəddüdlər müşahidə edilir. Kiyev sülh müqabilində ABŞ-dan etibarlı təhlükəsizlik qarantı istəyir, həmçinin sürətli tənzimləməni də məqbul saymır.  Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib. Bu barədə “The Telegraph” nəşri yazıb. Bildirilib ki, döyüş meydanında təşəbbüsü ələ keçirmədən Ukraynanı danışıqlara məcbur etmək fəlakətli nəticələrə gətirib çıxaracaq.

Eyni zamanda, Vaşinqtonun özündə də 100 gün planına tərəddüdlə yanaşanlar var. Amerikalı analitiklər hesab edirlər ki, Rusiya 3 il sanksiyalara tab gətirən və buna öyrəşən dövlətdir. Buna görə də anonsu verilən yuxarı gömrük rüsumları və yeni sanksiyalarla Moskvanı onu qane etməyən şərtlərlə sülh masası arxasında əyləşməyə məcbur etmək mümkün olmayacaq. 

Tərəflərin mövqeləri arasındakı kəskin fərq o qənaəti yaradır ki, planı reallaşdırmaq elə də asan başa gəlməyəcək.  Beləliklə, görəsən, Tramp müharibəni necə dayandıracaq? Dünyanın gözləntiləri doğrulacaqmı?

Mübariz ABDULLAYEV

Seçilən
18
18
yeniazerbaycan.com

10Mənbələr