Azərbaycan xalqı tarixini də, taleyini də yaxşı bilir. Bildiyimiz, əmin oluğumuz həm də tarix boyu başımıza gətirilən bəlaların ssenarilərinin harda cızıldığıdır. Ataların bir məsəli var, “Evin pisdir sat qurtar, qonşun pisdir köç qurtar”. Biz isə evimizdən şikayət etməmişik, tarix boyu şikayətimiz də, başağrımız da şimalda oturan qonşumuzdan olub. Bu məqamda gəlin tarixin səhifələrini vərəqləyəq.
20 Yanvarda tankları üstümüzə sürən kim və kimlər idi?
Qarabağda yaşanan faciələrin əsası hardan başladı? Qarabağ xanlığının əsasını qoyan Pənahəli bəyin oğlu İbrahimxəlil xanın və ailəsinin öldürülməsi, (elə həmin dövrlərdə Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin bura köçürülməsinə başlanmadımı?), qətllər və istilanın İrəvan və Gəncəyə keçməsi, 1920-ci il hadisələri, Azərbaycan xalqının qatı düşməni Mikoyan başda olmaqla Bakı bolşeviklərinin Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etmələri, aydınlarımıza, xalqımızın düşünən beyinlərinə qarşı amansızca həyata keçirilən təqiblər, cinayətlər, kütləvi repressiyalar, Sovet Rusiyasının ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyindən hər vəchdə məharətlə istifadə etməsi, 1988-ci il Azərbaycana qarşı başlanan iddiaların arxasında Kremlin dayanması, 20 Yanvar hadisələri zamanı Bakıya ilk yollanan 137-ci Ryazan hərbi desant alayı da olmaqla Aleksandr Lebedin “Bakı xatirələri”adı altında sonradan xatırladığı, zamanında isə koordinasiya etdiyi həmin o qanlı gecə. Bir sözlə, 1988-də xalqımızı məcburi köçə məcbur qoyan, Xocalı soyqırımında 366-cı motoalayın iştirakını təmin etməklə, əslində, insanlıq əleyhinə vəhşəti törətməkdə birbaşa əli olan, 20 Yanvarda tankları üstümüzə yürüdən kim və kimlər idi? Bu gün əgər Rusiya mediasında 20 Yanvarla bağlı hadisələrin təhrif olunması az deyilmiş kimi, hələ üstəlik Azərbaycana qarşı olduqca çirkin, qansız bir kampaniyaya start verilibsə, Azərbaycan da 20 Yanvar qırğınında iştirak etmiş, adları, rütbələri yaxşı bilinən keçmiş rusiyalı hərbçilərin cəzalandırılmasını və təhvil verilməsini tələb edə bilər.
Rusiyanın əsl niyyəti...
Dəmir yumruq olduğumuz, xalqımız üçün müqəddəs olan, torpaqlarımızı, ən çox da Xocalı yaramızı sağaltmaq, qadın və qızlarımıza qarşı törədilən alçaqlığı üzərimizdən silmək, arındırmaq, durultmaq istədiyimiz tariximizə xidmət edən 44 gün belə Rusiyanın müdaxiləsi ilə durduruldu. Azərbaycan isə heç bir halda konfrontasiyaya getmədi. Xalqımız müdrik Liderimizin səriştə və bacarıqlarına tam etibar edərək siyasi proseslərin gedişatını sorğulamadı da. Məhz həmin o tarix yazan Lider xalqın ona verdiyi Müzəffər sözünün haqqını verərək 2023-cü ildə prosesi tam yekunlaşdırdı. Məsələ odur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına görə müharibədən sonra istər Rusiya prezidentinin, istərsə də xarici işlər nazirinin dəfələrlə Ermənistan rəhbərliyini tənqid etməsi nə deməkdir? Bu, Rusiyanın məsələyə yanaşmasını və əsl niyyətlərini açıq şəkildə ortaya qoyur.
Tarixə geri dönək. Ona görə ki, ancaq bu məqamda xalqların xislətinin dəyişməzliyi bir daha sübuta yetirilə bilər. 1806-cı ildə rus qoşunlarının Şuşada yerləşən qarnizonunun rəisi mayor Lisaneviç İbrahim xanın guya xəyanətkarlığından şübhələnərək onu və ailə üzvlərini necə güllələdisə, düşünürəm ki, Rusiya XİN-in ən son bəyanatına da cavab olaraq deyilməlidir ki, əslində, Ermənistan Qərbin təzyiqi altında Rusiya ilə müttəfiqlikdən imtina etmir, İrəvana təzyiqlərinartması, Moskva ilə əlaqələri pozmağa təhrik edən Qərbin hərəkətləri ucbatından Rusiya-Ermənistan münasibətləri çətin dövr yaşamasına gətirib-çıxartmır, ya da başqa cür deyək ki, Qərb nə qədər erməni xalqına yad dəyər oriyentasiyaları tətbiq etsə də xəyanət onların xislətidir. Axı bunu ki bilirsiniz, sadəcə sizə də sərf edir.
Rusiya indi hansı təfəkkürlə AZAL təyyarəsinin vurulması iləRusiyaya məxsus helikopterin vurulması arasında paralellik aparır?
Bütün tarix boyu siyasətini soyuq yanaşma, realizm üzərində quran Rusiya indi hansı təfəkkürlə AZAL təyyarəsinin vurulması ilə 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması arasında paralellik aparır? Axı paradiqmanızı, yanaşmanızı dəyişməyə nə vadar etdi? Əslində isə dəyişməyən. Yaxşı, üçtərəfli Bəyanat imzalanandan saatlar əvvəl Rusiyaya məxsusun helikopterin Naxçıvan ərazisində işinin, Rusiya sülhməramlıları hələ Qarabağagəlməmiş hərbi döyüşlərin aktiv fazada olduğu bir mərhələdə məhz bu dövlətə aid hərbi təyinatlı helikopterin Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında, uçuşun qaranlıq vaxtı keçirilməsinin, aşağı hündürlükdə baş tutmasının, üstəlik Ermənistana məxsus hərbi kolonu müşayiət etməsinin adı nə idi? Rusiya mediasında gedən Azərbaycan əleyhinə propaqandanın adının olmaması kimi. Elə zamanında Azərbaycan da Rusiyadan bir sıra suallar istəyə bilərdi. Amma biz xırda, ucuz söz oyunlarına getmədik, Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi, həlak olan hərbçilərin ailələrinə də kompensasiya verildi.
Kremldən təlimat alanlar səbrimizi sınamayın
O ki qaldı mediada Azərbaycanına əleyhinə 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhmərmlıların ölümü ilə bağlı aparılan növbəti kampaniyaya, əməliyyat başlamadan öncə sülhməramlıları əvvəlcədən hərtərəfli məlumatlandırmışdıq. Yenə də heç nəyə baxmayaraq bizim yanaşmamız yenə dəyişmədi. Üzr də oldu, müvafiq qaydada cinayət işi də qaldırıldı. Bu gün Rusiyanın dost sayının azalması mərhələsini də keçmişik. Demək olar ki, barmaqla sayılacaq dərəcədə tərəflər belə yox, tək-tük kimlərsə qalıb. Odur ki, bu cür davam edərsə biz tərəfdən də əvvəlki münasibət olmayacaq. Rusiya mediasında Kremldən təlimat alanlar Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin məlum olan yanaşması baxımından səbrini sınamasın, əsəblərini də tarıma çox çəkməsinlər. Şərtimiz bəllidir, etiraf, üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılması.
Şəbnəm HƏSƏNOVA,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq