AZ

Musleranın rekord gecəsində ''Rams Park'' onu bağrına basacaq

Türkiyə çempionatının lideri ''Qalatasaray'' bu gün 21-ci turda ''Konyaspor''u qəbul edəcək.

''Football-plus.az'' xəbər verir ki, bu qarşılaşmada bütün diqqətlər İstanbul nəhənginin əfsanəsi Fernando Musleraya yönələcək. Məlum olduğu kimi Kiyev ''Dinamo''suna qarşı son matçın (3:3) final fitinin ardından uruqvaylı qapıçı fitə basıldı. O çox pərişan halda meydanı tərk etdi. Üstəlik əli ilə ''artıq bitdi'' işarəsini göstərərək mövsümün sonunda Türkiyədən ayrılacağına işarə vurdu.

''Rams Park''dakı bu dəfəki oyunda fanatlar 38 yaşlı qapıçının belə desək, ürəyini almağa çalışacaq. Muslera oyundan öncə tribunalara dəvət olunacaq və onun lehinə təzahüratlar səsləndiriləcək. Bundan başqa onun üçün tribunalarda pankartların açılacağı gözlənilir. Bu günkü oyunda bəzi tribunalar cəza üzündən boş buraxılacaq. Ona görə də stadiona təxminən 40 min azarkeşin gələcəyi gözlənilir.

Ən əsası Muslera çox mühüm bir göstəriciyə nail olacaq. O, ''Qalatasaray''ın heyətində Türkiyə çempionatı çərçivəsində 429-cu oyununu keçirəcək. Tanınmış əlcək sahibi bununla Bülənt Korkmazı (428) geridə qoyaraq ''Cim-Bom'' tarixində ən çox çempionat oyununa çıxan futbolçuya çevriləcək!

Hazırda o həm də superliqada ən çox oyun keçirən əcnəbi futbolçu statusundadı. Bu siyahıda Musleradan sonra ''Trabzonspor''lu Edin Visça (392) və ''Fənər''in sabiq üzvü Gökçək Vederson (335) qərarlaşıb. 2011-dən Türkiyədə olan və ''sarı-qırmızılar''da 14-cü mövsümünü keçirən Muslera indiyə qədər 5 prezident və 9 baş məşqçinin dönəmində oynayıb.

Onun Türkiyə çempionatında meydana çıxdığı 428 oyunun 161-də qapısını toxunulmaz saxladığını və 416 qol buraxdığını bildirək.

ƏLİ

Seçilən
9
football-plus.az

1Mənbələr