AZ

Böyük Hacı böyük ekranda

Nizami Kino Mərkəzində Azərbaycanın öndə gedən şəxsiyyətlərindən olan xeyriyyəçi, maarifçi və ictimai xadim Hacı Zeynalabdin haqqında çəkilmiş “Tağıyev” sənədli filminin qala gecəsi keçirilib. 

Filmin rejissoru M. Abdulqafur Şahin, prodüsseri və məsləhətçisi Yavuz Kerim-oğlu, icraçı prodüsseri Berat Arıkan, operatoru isə Celal Topçudur. Sənədli filmdə tarixçilər – Ədalət Tahirzadə, Akif Aşırlı, Azər Hüseynov, Fərhad Cabbarov, Elvüsal Məmmədov, Firdovsiyyə Əhmədova  H.Z.Tağıyev və onun dövrü haqqında dəyərli fikirlər səsləndiriblər. 

“Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və “İHH” İnsani Yardım Vakfının əməkdaşlığı nəticəsində “RUMMAN” film şirkəti tərəfindən çəkilmiş bu əsər XIX əsrin ortaları–XX əsrin əvvəllərində xeyriyyəçilik failiyyəti ilə Azərbaycan xalqının milli yaddaşında əbədiləşən və Vətən naminə “böyük quruculuğun” təməlinə təmənnasız imza atan Hacı Zeynalabdin Tağıyevin Azərbaycana xidmətlərinə həsr olunmuş əbədiyaşar işlərindən bəhs edir. Film onun    elm, təhsil, mədəniyyət və milli şüurun formalaşmasındakı rolunu, sosial rifaha  töhfələrini tamaşaçılara çatdırmağı hədəfləyib.  

H.Z.Tağıyev xalqa xidmətləri ilə Türk dünyasının ortaq dəyərlərindən birinə çevrilmişdir. Bu film bir daha onu göstərir ki, insanlar öz keçmişini, onların tale yoluna işıq tutan dahi şəxsiyyətləri unutmamalı, gördüyü işləri gələcək nəsillərə çatdırmalıdır.

Yavuz Kerimoğlu, “RUMMAN” film şirkətinin prodüsseri XQ-yə müsahibəsində deyib:

– Biz keçmişimizi, dəyərlərimizi yaşadan filmləri həvəslə çəkirik. Bu cür sənədli filmlər vasitəsilə tarixdə iz qoymuş böyük insanları tanıtmaq borcumuzdur. Zaman keçir, tarixi şəxsiyyətlər unudulmur. Bu filmi pandemiya zamanı çəkmək istəsək də, alınmamışdı. İndi sənədli filmi çəkib təhvil verdik.    

Fidan SALMANOVA 
XQ

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr