Sea Breeze

Almaniyanın Raynhessen Sənaye və Ticarət Palatasının təşkilatçılığı, Azərbaycanın Almaniyadakı Səfirliyi, Alman İqtisadiyyatının Şərq Komitəsi, Raynland-Pfaltsın İqtisadiyyat, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə tərəfdaşlığı ilə 23 yanvar 2025-ci il tarixində Almaniyanın Maints şəhərində “Azərbaycan: Gələcəyin Mərkəzi – Almaniya şirkətləri üçün strateji imkanlar” adlı tədbir keçirilib.

Böyük sayda alman şirkətlərinin qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Raynhessen Sənaye və Ticarət Palatasının baş icraçı direktoru Karina Şvede Palatanın fəaliyyəti barədə məlumat verərək, rəhbərlik etdiyi təşkilatın Raynhessen regionunda fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil etdiyini bildirib. Raynland-Pfalts əyalətinin şirkətlərinin xarici bazarlara doğru istiqamətlənməsi fonunda onlar üçün Azərbaycanda geniş imkanların nümayiş etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonra çıxış edən Raynland-Pfaltsın İqtisadiyyat, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyinin dövlət katibi Petra Dik-Valter Raynland-Pfalts əyalətində yerləşən şirkətlərin Almaniya iqtisadiyyatına mühüm töhfələr verdiyini vurğulayaraq, bu şirkətlərin Almaniya hüdudlarından kənarda da aktiv fəaliyyət göstərdiyini qeyd edib. Bu xüsusda, bugünkü tədbirin Raynland-Pfalts şirkətlərinin Azərbaycanda biznes imkanları barədə məlumatlandırılması və uğurlu tərəfdaşlıqlar qurması istiqamətində vacib rol oynadığı diqqətə çatdırılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın getdikcə artan iqtisadi potensialı, Orta Dəhlizdə oynadığı rol və həyata keçirdiyi nəqliyyat-tranzit layihələri, enerji keçidi və yaşıl enerji sahəsində malik olduğu böyük potensial, Almaniya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyəti və digər aktual məsələlər barədə geniş məlumat verib. Səfir Raynland-Pfalts şirkətlərini Azərbaycana səfərə etməyə, ölkədə xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.

Tədbir “Azərbaycan regionda strateji mərkəz kimi” mövzusunda panel müzakirəsi ilə davam edib. Sessiyada AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Fariz Əliyev, Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak ediblər. İştirakçılar tərəfindən Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən rəqəmsallaşma və regional əhəmiyyətli tranzit-nəqliyyat layihələri, AFEZ-də yaradılan imkanlar, xarici investorların səmərəli fəaliyyəti üçün mövcud olan normativ-hüquqi baza və geniş tərəfdaşlıq imkanları, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində “Uğur hekayələri və alman şirkətləri üçün imkanlar” mövzusunda keçirilmiş ikinci panel sessiyasında Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin nümayəndəsi Manuel Palts, “LUNO” şirkətlər qrupunun sahibi Mirko Novak, “Rödl & Partner” konsaltinq şirkətinin assosiativ tərəfdaşı Elçin Usub, “EKM Global Consulting” şirkətinin direktoru Elşən Musayev və “ODDO BHF” maliyyə şirkətinin baş regional meneceri və beynəlxalq bankçılıq üzrə direktoru Evgeniy Epifanov iştirak ediblər. Sessiyada Azərbaycanda uğurlu tərəfdaşlıqlar həyata keçirmiş alman şirkətlərinin təcrübələri barədə danışılıb.

Tədbirin sonunda Almaniya şirkətlərinin nümayəndələrinin Azərbaycan tərəfi ilə qeyri-rəsmi görüşləri keçirilib.

ETX
ETX
ETX