Suriyada yeni rəhbərlik Bəşər Əsəd tərəfindən bir rus şirkətinə verilən Tartus limanının fəaliyyəti ilə bağlı mühüm qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, Suriyada yeni administrasiya Bəşər Əsəd dövründə qəbul edilən qərarları nəzərdən keçirməyə davam edir. Suriya administrasiyası Rusiya şirkəti ilə müqaviləni ləğv edərkən Rusiyanın Suriyadakı təsirini azaltmağı planlaşdırır.
Rusiya ilə sıx əlaqələr quran Bəşər Əsəd administrasiyası Tartus Limanının istismarını 49 il müddətinə Rusiyanın "Stroytransgaz" adlı şirkətinə verib.
Tartus Limanına rəhbərlik edən Riyad Cudinin Suriyada nəşr olunan “əl-Vətən” qəzetinə verdiyi məlumata görə, limandan əldə edilən gəlir artıq birbaşa Suriya xəzinəsinə daxil olacaq.
Latakiya limanından sonra Suriyanın ikinci ən böyük limanı olan Tartus Limanı Aralıq dənizinin mühüm ticarət mərkəzlərindən birini təşkil edir.
Aytən Yaşar/ Turkustan.az