AZ

Qarayaxma kampaniyası ...

Azərbaycanın AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı irəli sürdüyü haqlı və qanuni tələblərə cavab olaraq, Rusiya Prezident Administrasiyası nəzarətindəki media resurslarına sanki “fas” komandasını verdi. Bunun nəticəsində Azərbaycana qarşı genişmiqyaslı qarayaxma kampaniyasına start verildi.

Bu kampaniya çərçivəsində Rusiya mediası və Kremlin nəzarətindəki kanalların başlıca hədəfi 2020-ci ilin noyabrında Naxçıvan sərhədi yaxınlığında vurulan Rusiya helikopteri ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında əsassız və qərəzli paralel aparmaqdır.

Rusiya tərəfi bu iki hadisəni müqayisə edərkən, görünür, bəzi vacib sualları unudur. Həmin suallar ki, 2020-ci ilin noyabrında Azərbaycan da Rusiya qarşısında qaldıra bilərdi:

2020-ci il noyabrın 9-da, saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulan Rusiya helikopteri həmin ərazidə nə edirdi? Üçtərəfli Bəyanat 9-dan 10-na keçən gecə imzalanıb, lakin helikopter aktiv döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda sərhədə yaxın uçurdu.

Rusiya helikopterinin həmin ərazidə günün qaranlıq vaxtında, aşağı hündürlükdə, radar müşahidəsindən kənar uçması, transponderlərin söndürülməsi və Ermənistana məxsus hərbi kolonun müşayiət edilməsi hansı məqsədə xidmət edirdi?

Bütün bu suallara baxmayaraq, Azərbaycan tərəfi o vaxt konfrontasiyadan çəkinərək məsələni siyasi etikaya uyğun həll etdi. Prezident İlham Əliyev rusiyalı həmkarına şəxsən zəng edərək üzr istədi, helikopterin vurulmasının bir təsadüf olduğunu açıqladı. Azərbaycan helikopterin tam dəyərini ödədi, həlak olan hərbçilərin ailələrinə kompensasiya verdi.

Rusiyanın Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti mərhələsi 2023-cü ildə Qarabağda aparılan antiterror əməliyyatları zamanı rusiyalı sülhməramlıların ölümünə dair ittihamların yenidən gündəmə gətirilməsidir. Son günlər Rusiya və Ermənistan mediası həmin hadisə ilə bağlı fotoşəkilləri və təhrif olunmuş məlumatları yayaraq, Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirir.

Ancaq Rusiya unudur ki, Azərbaycan əməliyyatdan əvvəl sülhməramlıları xəbərdar etmiş, onlara kazarmaları tərk etməməyi, görünməməyi və neytral qalmağı tapşırmışdı. Buna baxmayaraq, bir neçə hərbçi, naməlum səbəblərdən, şəxsi avtomobilləri ilə döyüş zonasına daxil oldu və Azərbaycan hərbçiləri tərəfindən erməni hərbçiləri kimi səhvən məhv edildi.

Azərbaycan bu dəfə də konfrontasiyaya yol vermədi: Prezident İlham Əliyev səviyyəsində üzr ifadə olundu, cinayət işi qaldırıldı və digər tədbirlər görüldü.

Azərbaycan bu gün Rusiyadan eyni mərdliyi gözləyir. Haqlı tələblər açıqdır:

Təyyarə insidenti ilə bağlı etiraf və üzrxahlıq;

Həlak olanların ailələrinə kompensasiya;

Hadisədə iştirak edənlərin cəzalandırılması.

Ancaq Kremlin bu haqlı tələbləri yerinə yetirmək əvəzinə, Azərbaycana qarşı qarayaxma kampaniyasına başlaması vəziyyəti daha da gərginləşdirir.

Bu gün Rusiya beynəlxalq arenada onsuz da ciddi təcrid vəziyyətindədir. Keçmiş müttəfiqlərinin əksəriyyətini itirən Moskva, indi isə Azərbaycan kimi strateji əhəmiyyətli tərəfdaşı da itirmək ərəfəsindədir.

Azərbaycan xalqı arasında onsuz da mənfi imicə sahib olan Rusiyanın mediası və Kreml buna əlavə zərbə vurmaqdan çəkinməlidir. Rusiya anlamalıdır ki, Azərbaycanla münasibətlərdə təzyiq və qarayaxma siyasəti işləməyəcək. Əksinə, bu siyasət iki ölkə arasındakı münasibətləri bərpa olunmayacaq bir nöqtəyə sürükləyə bilər.

Azərbaycan nə əvvəl, nə də indi konfrontasiyadan yana olub. Ancaq bu, Azərbaycanın öz maraqlarını qurban verəcəyi anlamına gəlmir. Kremlin təbliğatı nə qədər ucuz metodlara əl atsalar da, Azərbaycan öz haqlı mövqeyində möhkəm dayanır.

Rusiya bu gün seçim qarşısındadır: ya Azərbaycanla münasibətləri bərpa edərək beynəlxalq səhnədə tənha qalmamaq üçün müttəfiqlərini qoruyub saxlayır, ya da əsassız təbliğat siyasəti ilə özünü daha da dərin təcridə sürükləyir.

Vaxt daralır, qərar Moskvanındır.

Seçilən
22
vaxt.az

1Mənbələr