Vərəm, Covid-19-dan sonra ən ölümcül yoluxucu xəstəliklər arasında ikinci yerdədir və 2023-cü ilə qədər dünyada 10,8 milyon insana diaqnoz qoyulmuş, 1,25 milyon insan bu xəstəlikdən həyatını itirmişdir.
E-saglam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu xəstəlik əsasən ağciyərlərə təsir edir və hava-damcı yolu ilə asanlıqla yayılır. Vərəmin qarşısını almaq üçün erkən diaqnoz və effektiv müalicə vacibdir.
ÜST-ün məlumatına görə, 2000-2023-cü illər arasında tətbiq olunan müalicə və diaqnostika tədbirləri 79 milyon insanın həyatını xilas edib.
Körpələrə tətbiq olunan BCG peyvəndi vərəmdən qorunmada mühüm rol oynayır. Uzun müddətli öskürək, qızdırma və gecə tərləməsi kimi əlamətlər olduqda, insanlar mütləq həkimə müraciət etməlidirlər.
Müalicə zamanı dərmanların müntəzəm istifadəsi çox vacibdir, çünki bu, yoluxuculuğun qısa müddətdə azalmasına imkan verir. Xəstələrin müalicəyə davamlılığını artırmaq üçün dərman qəbulu tibb işçilərinin nəzarətində aparılır.
Maskadan istifadə, gigiyena qaydalarına riayət etmək və təbii havalandırma xəstəlikdən qorunmaq üçün önəmli addımlardır. Erkən diaqnoz və düzgün müalicə vərəmlə mübarizədə əsas şərtlərdir.
Tərcümə: Könül Oruc