"Uduzsaq da, əlimizdən gələni etdik”.
İdman.biz xəbər verir ki, bunu “Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XII turunda "Gəncə" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mövsümdə 9-cu məğlubiyyətin səbəbini açıqlayan təcrübəli mütəxəssis bildirib ki, yeni oyunçuları adaptasiya prosesindədir: “Hələ ki, tam uyğunlaşmayıb. Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, uğurlu nəticə qazanaq. Hər halda, "Gəncə" qrupun lider və güclü komandalarındandır”.
Əsgərovun sözlərinə görə, komanda bu oyunda əlindən gələni edib: “Sadəcə bəzi atışlarda bəxtimiz gətirmədi. Həmin anlarda atışlar dəqiq olsaydı, daha fərqli alınardı. Bir neçə epizodda səbətə düşə bilmədik. Sonda da uduzduq. Deyəcək bir söz yoxdur. Bu oyunu analiz edib, qarşıdakı matça hazırlaşacağıq. Çalışacağıq ki, növbəti görüşdə qələbə qazanaq".
Qeyd edək ki, B qrupunda keçirilən “Gəncə” - “Quba” qarşılaşması ev sahiblərinin 96:78 hesablı qələbəsi ilə bitib.
İdman.biz