AZ

"Səbail" "Kəpəz"i məğlub etdi, "Sabah" "Sumqayıt"a qarşı - YENİLƏNİR

Misli premyer-liqasında 20-ci tura dünən keçirilən "Şamaxı" - "Zirə" matçıyla start verildi.

Bu gün və sabah keçiriləcək oyunlarla daha bir çempionat həftəsini geridə qoyacağıq. Görüşlər "CBC Sport"un efirində canlı yayınlanacaq.

25 yanvar
Səbail – Kəpəz 1:0

Madi Queta, 11.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 7:+4=3-0, 14:5.
2017/18 – 1:0, 1:1; 2022/23 – 4:1, 1:0; 2023/24 – 0:0, 3:3; 2024/25 – 4:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı, “ASCO Arena”. Saat 16.00.

Turun həyəcanı autsayderlərin dueliylə davam edəcək. Düzü, matçın favoritini müəyyənləşdirmək çətindi. Bu yöndə yalnız “rəqəmləri danışdıra” bilərik ki, belədə meydan sahiblərinin daha şanslı oıduğu bəllidi. "Səbail" hələ "doğma divarlar" arasında bu rəqibə uduzmayıb. Lakin bütün seriyalar nə vaxtsa qırılır. Ona görə ki, "dənizçilər" çətib vəziyyətlə üz-üzədi. Bayıl təmsilçisinə yalnız "Sumqayıt" üzərində qazanılan qələbə və yuxarıdakı statistika yardım edə bilər. Təbii ki, düzgün nəticə çıxarsalar... "Kəpəz"ə gəlincə, komanda "Turan Tovuz"u darmadağın etməklə mövsümün ikinci yarısına möhtəşəm başladı. "Sarı-göylər"in həm fiziki, həm də psixoloji cəhətdən hansısa problemi yoxdu. Üstəlik gəncəlilər 9-cu pillədədi. Mümkün qələbə onları sonuncu sıradan bir qədər də uzaqlaşdıracaq. Odu ki, hər iki komandanın nəyin bahasına olur-olsun, qələbə üçün döyüşəcəyinə şübhə yoxdu.

Komandalar indiyə qədər 14 dəfə qarşılaşıb. Bunların 7-də "Səbail", 4-də "Kəpəz" qələbə qazanıb, 3-də qalub müəyyənləşməyib. Topların nisbətində "dənizçilər" öndədi - 25:15.

Sabah – Sumqayıt
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+6=3-3, 25:15.
2018/19 – 1:4, 1:1; 2019/20 – 1:3; 2020/21- 1:2, 1:1; 2021/22 – 3:0, 2:2; 2022/23 – 3:0, 4:0; 2023/24 – 3:1, 2:0; 2024/25 – 3:1.
Cəzalı: Murad Xaçayev (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, “Bank Respublika Arena”. Saat 18.30.

Paytaxt duelində, başqa sözlə "Neftçi"nin meydanında xal itirən "Sabah" ilk "4-lük”dən bir qədər də uzaqlaşdı. "Bayquşlar"ın avrokuboklara yollanmaq uğrunda mübarizə apardığını nəzərə alsaq, işlər yolunda getmir. Komanda qələbələri sıralamalı, xal ehtiyatını sürətlə artırmağa başlamalıdı. İndi növbəti qələbəsini qazanan "Zirə"ni qabaqlamaq çətin görünür. Hədəf "Turan Tovuz"a çatmaqdı ki, buna gedən yol "Sumqayıt"ı məğlub etməkdən keçir.

Qısası, baş məşqçi Vasili Berezutski təcili tədbirlər üçün yubanmamalıdı. Məhz bu məqamı "Sumqayıt"a da aid etsək, yanılmarıq. "Səbail"ə məğlubiyyətin "kimyaçılar" üçün “soyuq duş” effekti yaratdığı sirr deyil. Hadisələrin axarı onların yalnız ortabablar sırasında qərarlaşmasıyla nəticələnə bilər. Odu ki, "gənclik şəhəri"nin təmsilçisi toparlanmağın yolunu tapmalıdı.

Komandalar indiyə qədər 25 dəfə üz-üzə gəlib. Bunların 14-də "Sabah", 8-də "Sumqayıt" qələbə qazanıb, 3-də hərəyə bir xal düşüb. Topların nisbətində "bayquşlar" öndədi - 47:24.

26 yanvar
Araz-Naxçıvan – Neftçi

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+2=2-1, 3:8.
2000/01 – 0:7; 2001/02 – 0:0; 2023/24 – 1:0, 1:0; 2024/25 – 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RAUF CABBAROV, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.

Bir tərəfdə ardıcıl üç turdu uduzan "Araz-Naxçıvan", digər tərəfdə son beş turda cəmi bir qələbə qazanan "Neftçi" var. Qısası, hər iki komanda qalib gəlmək üçün əlindən gələni əsirgəməyəcək. Muxtar Respublika təmsilçisi ilk "4-lük"dəki yerini möhkəmlətmək, "ağ-qaralar" isə iddialılar sırasına qoşulmaq istəyir. Odu ki, Mərdəkanda gərgin oyuna şahidlik edəcəyimizə şübhə yoxdu. Düzdü, favoriti müəyyənləşdirmək çətindi. Lakin kürəyində "Zirə"nin nəfəsini hiss edən "qırmızı-ağlar"ın bu oyunda daha şanslı göründüyünü demək olar.

Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 3-də naxçıvanlılar, 4-də bakılılar qalib gəlib, 3-də "sülh" qeydə alınıb. Topların nisbətində "Neftçi" öndədi - 21:5.

Qarabağ – Turan Tovuz
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+4=0-1, 13:5.
2022/23 – 3:0, 3:1; 2023/24 – 3:0, 4:3; 2024/25 – 0:1.
Cəzalı: Araş Qadiri (Turan Tovuz).
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.30.
Bu oyunu arxayınlıqla turun mərkəzi qarşılaşması adlandıra bilərik. Ona görə ki, "Qarabağ" liderliyini möhkəmləndirmək, "Turan Tovuz" avrokuboklara iddiasını davam etdirmək üçün döyüşəcək. İddialıların duelində "köhlən atlar"ın daha güclü göründüyünə şübhə yoxdu. Lakin Avropa Liqasında uğursuzluğa düçar olan ağdamlılar çətin vəziyyətdədi. "Turan Tovuz" məhz bu məqamdan maksimum faydalanmağa, belədə Qərb derbisində qeydə alınan fiaskonu unutdurmağa çalışmalıdı.

Komandalar indiyə qədər 10 dəfə üz-üzə gəlib. Bunların 7-də "köhlən atlar", 1-də "bozqurd" qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində "Qarabağ" öndədi - 23:10.

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
* “Səbail” evdə uduzmayıb. Son iki matçda meydan sahibi olan komanda “quru” hesabla qalib gəlib.
* “Sabah” son 5 ev oyununda qalib gəlib. “Sumqayıt” son 8 səfərdə qalib gəlməyib.
* “Neftçi” son iki görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” öz meydanında son 4 qarşılaşmadan xalsız ayrılmayıb.
* “Turan Tovuz” iki matçdı uduzmur. “Qarabağ” son iki oyunda qol vurmayıb.

KƏNAN BAHADIR

Seçilən
37
50
football-plus.az

10Mənbələr