Hesablama Palatasının “yüngülvari” auditi bəzi faktları üzə çıxarıb
Hələ Tağı Əhmədovun dövründən Bakı Metropolitenində böyük korrupsiya sxemlərinin mövcud olduğu bəlli idi. Bu səbəbdən Tağı Əhmədovun özü Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi.
Mərhum Metropoliten rəisi özü təkcə MTN generalı Akif Çovdarova 3 milyon haqq ödədiyini etiraf etmişdi. Üstəlik, T.Əhmədovun daha 2 milyon manat vəsaitinin də digər bir qrup tərəfindən mənimsənildiyi barədə məhkəmə işi var. Bunlar sabiq rəisin təkcə “itirdiyi” pullardır. Daha neçə milyonlar, on milyonlarla pulununsa obyektlərdə, hesablarda yatdığını bir özü bilirdi, bir də yaxınları…
Belə görünür ki, T.Əhmədovdan sonra 2014-cü ildə Bakı Metropoliteninə rəis təyin olunan Zaur Hüseynov da sələfindən geri qalmayıb. 10 il ərzində bu böyük quruma başçılıq edən Z.Hüseynovun dövründə də dəyişən bir şey olmadı.
Həm T.Əhmədovun, həm də Z.Hüseynovun dövründə dövlətdən alınan külli miqdarda dotasiya ilə işləyən metropolitenin rəhbərliyi sərnişin daşınmasının maya dəyərinin metrodakı gediş haqqını dəfələrlə üstələdiyini bəyan edib, əhaliyə minnət qoyub.
Mərhum Metropoliten rəisi özü təkcə MTN generalı Akif Çovdarova 3 milyon haqq ödədiyini etiraf etmişdi. Üstəlik, T.Əhmədovun daha 2 milyon manat vəsaitinin də digər bir qrup tərəfindən mənimsənildiyi barədə məhkəmə işi var. Bunlar sabiq rəisin təkcə “itirdiyi” pullardır. Daha neçə milyonlar, on milyonlarla pulununsa obyektlərdə, hesablarda yatdığını bir özü bilirdi, bir də yaxınları…
Bu gün məlum olub ki, Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı son audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Bundan öncə də auditlər keçirilərək, oxşar nəticələr əldə edilsə də, buna adekvat addımlar atılmayıb, heç kim cəzalandırılmayıb, yeyintilərin qarşısı alınmayıb. Ona görə də metro rəhbərliyi əvvəlki “üsullardan” əl çəkməyib.
Audit dövründə “Bakı Metropoliteni” 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.
Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.
QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub.
Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.
Əlbəttə ki, bunlar hələ üzdə olan və Hesablama Palatasının aşkarladığı kiçik “icazəli nöqsanlar”dır. Sözsüz ki, “aysberqin görünməyən tərəfi”, özü də çox böyük tərəfi də var…
Bəs, görəsən Hesablama Platasının hətta bu yumşaq tövsiyyə və tələbləri belə yerinə yetiriləcəkmi, yoxsa əvvəl olduğu kimi qulaqardına vurulacaq?
Məlum olduğu kimi, Bakı Metropoliteninə yeni sədr təyin olunub. Görəsən, bu təyinat metronun işində nəyisə dəyişəcəkmi, yoxsa metroda sərnişindaşımanın maya dəyəri yenə şişə-şişə gedəcək və əhaliyə gediş qiymətilə bağlı “maya dəyərindən ucuz daşıyırıq” deyərək, yenə minnət qoyulacaq?
Təəssüf ki, idarəetmədəki köhnə “üsullar” və sistem qaldıqca, Azərbaycanın ən yeni tarixində kadr məsələlərində “yeni gələn gedənin atasına rəhmət oxutdurur” misalı da aktual olaraq qalır. Görək, bu dəfə necə olacaq…
“AzPolitika.info”