AZ

İki yaşlı fələstinli qız İsrail əsgərləri tərəfindən güllələndi

İsrail əsgərləri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında iki yaşlı fələstinli qız uşağını güllələyiblər.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

“İsrail əsgərləri Cenin şəhəri yaxınlığında reylər zamanı bir fələstinli uşağı güllələyiblər”, – məlumatda deyilir.

Qızın 2 yaşında olduğu qeyd edilir. O, başından aldığı güllə yarasından dünyasını dəyişib. Anası yüngül xəsarətlər alıb.

İsrail Müdafiə Qüvvələri araşdırmaya başlayıb.

Bu arada İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən 10 yaşlı fələstinli Azmi Əbu əş-Şarın mobil telefonunda yazdığı vəsiyyətnamə ailəsi tərəfindən aşkar edilib.

Azminin yazdıqları onun məruz qaldığı dəhşətli mənzərələr və ölüm qorxusunun təsirindən qaynaqlandığı ehtimal edilir. Vəsiyyətnamədə 10 yaşlı uşaq ailəsindən üzr istəyərək, onları bağışlamasını istəyib.

“Uzun yaşamayacağımı hiss edirəm,” – deyə yazan Azmi, valideynlərinə və bacı-qardaşlarına müraciətlə onları sevdiyini və üzərlərində haqqı varsa bağışlanmasını xahiş edib.

Qəzza zolağında fəaliyyət göstərən yerli hökumətin məlumatına görə, İsrailin bombardımanları nəticəsində indiyədək 17 min 861 uşaq həyatını itirib. Həmçinin Qəzzadakı uşaqların təhlükəsizlik məqsədilə bədənlərinə adlarını yazdığı bildirilir ki, ölüm halında cəsədləri tanına bilsin.

Qəzza zolağında 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib.

Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında deyilir.

Məlumata görə, Fələstin anklavında 18 mindən çox şagirdi qəbul edə bilən 86 müvəqqəti təhsil mərkəzi açılıb.

Agentlik qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Qəzza zolağında 14 500-dən çox uşaq ölüb.

Seçilən
21
azpost.info

1Mənbələr