AZ

Snoubord üzrə Heydər Əliyev kuboku keçirilib

“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev kuboku təşkil olunub.

İdman.biz xəbər verir ki, qurumdan AZƏRTAC-a verilən məlumata görə, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

Turnirdə öncədən qeydiyyatdan keçən müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu mübarizə aparıb.

Uşaqlar arasında təşkil edilən yarışın nəticələrinə əsasən, 9-12 yaşlı oğlanlar arasında Kamal Bəşirli 1-ci, Daniel Belousov 2-ci, Mətin Mehdi isə 3-cü yeri tutub.

13-17 yaşlı qızlar arasında Alisa Qarifova, oğlanlar arasında isə Daniel Omelyanyuk qalib olublar.

18-22 yaşlı qadınlar arasında Nuran Musayeva qələbə qazanıb.

23-45 yaşda olan qadınlar kateqoriyasında Yevgeniya Cavadova 1-ci, Cəmilə Məmmədova 2-ci, kişilər arasında Edik Murtuzayev 1-ci, Rəsul Aslanov 2-ci, İqor Kulakov isə 3-cü yerdə qərarlaşıb.

46-56 yaş kateqoriyasında qadınlar arasında yarışın qalibi İrina Qarifova olub. Kişilər arasında Aydar Qarifov 1-ci, Ceyhun Vəzirov isə 2-ci olub.

Veteran snoubordçular arasında Azad Kəlbiyev qalib gəlib.

Qaliblər Şahdağ Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev kuboku fevralın 1-2-də müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək.

İdman.biz

Seçilən
18
7
idman.biz

9Mənbələr