"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 20-ci turunda "Araz-Naxçıvan" 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə nə baş verdi ki, ikinci hissəyə dörd əvəzetmə ilə çıxdınız?
- Tamamilə narazı qaldıq. Ümumiyyətlə, birinci hissəyə heyəti quranda hücumla bağlı problemləri düşünürdük. Keçən oyun da bu problemi bizə göstərdi. Hücum yaratmaqda problemlər var. Kimsə oyunu üzərinə götürüb, kreativlik edə bilmir. Düşündük ki, bir cinaha daha kreativ olan Murad Məmmədovu qoyaraq, sol cinahda isə Ramil Şeydayevi oynadaraq bu problemi həll edə bilərik. Amma əfsuslar olsun ki, sönük bir oyun getdi. Nə biz istədiyimizi etdik, nə də oyunçular verilən tapşırıqları yerinə yetirdilər. Birinci hissədən qapıya zərbəsiz çıxdıq. Əlbəttə ki, narazı olduğum məqamlardır. İkinci hissədə çalışdıq bunları dəyişək. Başqa cür oynamaq, daha çox hücumlara getməyə çalışdıq. Uşaqlara tapşırıqlar verdik. O da, düşünürəm ki, alındı, epizodlar oldu. Amma qollara gətirib çıxara bilmədik. Birinci hissədə rəqibin oyunu daha çox alındı. Birinci qol məqamında da Robert Bauerin səhvindən sonra rəqib künc zərbəsi qazandı. Standart vəziyyətdən də qapımızda qol gördük. Ondan sonra qol buraxmasaq da, heç nə edə bilmirdik. Bütün ümidimiz ikinci hissədə nəyisə dəyişməyə qalmışdı. İmkanım olsa idi, 5-ci oyunçunu dəyişərdim, sadəcə ehtiyat etdik. Problemlərimiz var, çətinliklər var. Bunun öhdəsindən hələ ki, gələ bilmirik. Əsas problem hücumlardır. Bunun da nədən irəli gəldiyini bilirəm. Sadəcə problemi çözməkdə çətinlik çəkirik. Transfer pəncərəsinin bağlanmasına qədər vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirə bilərik. Bəlkə, bununla nələrisə düzəldə biləcəyik. Oynayacağıq. Hələ bizim üçün həddindən artıq önəmli olan kubok oyunumuz da var. Artıq bütün prioriteti kuboka yönəldəcəyik. O demək deyil ki, çempionata uduzmaq üçün çıxacağıq. Amma tam gücümüzü kuboka verərək, inşallah, orada nələrisə etməyə çalışacağıq. Bu qədər. Rəqibi də təbrik edirik.
- Yeddi yerli futbolçu ilə oyuna çıxdınız. Bu, legionerlərə qarşı olan üsyan kimi göründü.
- Vəziyyətə yayda baxacağıq. Üsyandan söhbət getmir, sadəcə bu gün olan bu idi. Biz heyəti məşqlərdə gördüyümüz göstəricilərə və oyunçuların bacarıqlarına uyğun qururuq. Bəlkə də, düzgün bir şey deyil. Amma mənim müəyyən bir oyun tərzi qurmağım üçün futbolçular olmalıdır. Məlum məsələdir ki, mövsümün ortasında gəlmişik. Bilirik ki, əlimizdə olanla oynamalıyıq. Bu, normal bir şeydir. Gələn həftə 11 nəfər də yerli olsa, bunu normal qarşılamağınızı istəyirəm, çünki belə də var. Heç kimə qarşı üsyan deyil. Sadəcə bir fikir var idi, onu da etdik.
- Əsas heyətdə çıxan üç mərkəz yarımmüdafiənizin heç biri 10 nömrə mövqeyində oynamır. O mövqeyə oyunçu yox idi?
- 10 nömrə mövqeyində Filip Ozobiç var. Amma bu gün fikir sırf hücumda olan 3 oyunçuya yönəldilmişdi, 10 nömrəyə yox. Bütün gücü önə vermək istədik. Bu üç yarımmüdafiəçilərdən biri isə kömək kimi hücuma qoşular. Bu da ondan irəli gəlir ki, başqa cür hücumlar qura bilmirik. Dedik, daha çox azadlıq verək. Əfsuslar olsun ki, Murad da oyundan qopdu. Bilmirəm, nələr baş verdi. Şeydayev də artıq arxaya oynamağa başladı. Bu da bizim məşqlərdə etdiyimiz və etmək istədiyimizin əksinə gətirib çıxardı. Buna görə də həmin dörd dəyişikliklərə əl atdıq. Ozobiç də xeyirli futbolçudur, bu gün qol da vurdu. Amma reallıq odur ki, onun gücü müəyyən dəqiqələrə qədərdir. Çünki mən bura gələndən zədələr var. Bilmirəm, xroniki zədələrdir, ya yox. Mövsümdən əvvəl yaxşı hazırlıq keçmədiyimizə görə bu problemlər yaşanır. Bir çıxış yolu kimi onu sonradan oyuna salmağı gördük. Yəni bu gün təkcə Ozobiç 10 nömrə mövqeyində oynayırsa, azdır.
- Sanki "Neftçi"də olan istək "Araz-Naxçıvan"ın futbolçusu Ürfan Abbasovda var idi. Bəlkə də, "Neftçi"nin futbolçuları Abbasovda olan istəklə oynasaydılar, bu durumda olmazıdınız. Ona tərif kimi demirəm, sadəcə gördüyümdür. Oyunboyu oyunçularınızın ən azından Ürfan Abbasov kimi istəkli olmağınızı istəyərdinizmi?
- Bu, elə tərif olunası bir şeydir. Bir futbolçu sona qədər istəkli oynayırsa, bundan yaxşı bir şey ola bilməz. Biz də istəyirik ki, futbolçularımız istəkli olsunlar. Bilmirəm, sözlərim necə qarşılanacaq. Bu istək "Neftçi" ilə oynayan komandaların hamısında belədir. Maraqlı bir şeydir. Məsələn, keçən oyun "Sabah" bizimlə oynadığı oyundan sonra düşündüm ki, "Sumqayıt"a ən azından qalib gələcək. Yəni söhbət kiminsə məğlubiyyətindən getmir, ümumən çempionatdan danışıram. Amma orda da komanda birinci hissəyə başlayanda adama elə gəlir ki, səninlə oynayan rəqib tamam başqa idi. Bu, dəfələrlə olub. "Kəpəz"lə oynadığımız sonuncu oyunda onlar nə qədər istəkli idilər, qazana da bilərdilər. Ondan sonra öz meydanlarında tamam başqa oyun göstərdilər. Bu gün bu, normal bir şeydir. Mən özüm də digər komandalarda olanda, futbolçulardan "Neftçi"yə qarşı bunu istəyirdim. Mən də istəyərdim komandam istəkli olsun. İşimiz də elə odur ki, belə bir komanda yaradaq.