AZ

M.F.Axundov adına Arçut kənd orta məktəbindən “ARDIC” Hərəkatının “Arça” Düşüncə Mərkəzinə qədər: yaddaşın ifadə olunması, tarixin həqiqətlərinin əks etdirilməsi kontekstindən yanaşma

M.F.Axundov adına Arçut kənd orta məktəbindən "ARDIC" Hərəkatının "Arça" Düşüncə Mərkəzinə qədər: yaddaşın ifadə olunması, tarixin həqiqətlərinin əks etdirilməsi kontekstindən yanaşma

Həmin orta məktəbin aşağı sinifində oxumuş bir nəfər  şagirdin (Elşən Nəsibovun) xatirələri: Arçut əsilli və digər yeniyetmə və  gənclər üçün unudulmaz  yaddaş məlumatı  -gənclik konsepsiyasının nəzəri əsasları üçün material və mövzu

İlk növbədə qeyd etmək yerinə düşər ki, "Arça" Düşüncə Mərkəzi Arçutun əsrlər boyu formalaşmış  mədəni irsini yaşatmağı və nəsillərdən-nəsillərə ötürməyi qarşısına məqsəd kimi    qoyub.  Həm də məqsədlərə çatmaq üçün  vəzifələr  müəyyənləşdirib. İrsi yaşatmaq məsuliyyətini öz üzərinə götürüb. "Arça" düşüncə mərkəzi hesab edir ki,  Ardıc kəndinin öz doğma məskənindən kənarda qalmış  irsi yaşamalı, qiyabi məkanla əyani yaddaş sintez olunmalı  və cəmiyyətə bəxş etdiyi layiqli töhfələri ilə tarixin səhifələrində ifadə olunmalıdır. Bu,  bir şərəf işidir.  Unutqanlığa yol verilə bilməz.  Soykökün məskəni tanıdılımalı, göstərilməli və  kimliyi yaşamalıdır. Kənd öz yetirmələrinin, dünyaya səpələnmiş sakinlərinin yaddaşında dərin izlər buraxıb. Öz cizgilərini, arxitekturasını  formalaşdırıb. Kəndi yaşatmaq hafizələrdə olduğu şəkildə,  düşüncələrdə real olaraq canlandırmaq   ciddi məsuliyyətdir və doğmalıqdan irəli gəlir. Hər bir şəxs məlumatların toplandığı  yaddaş daşıyıcısıdır. Bu yaddaş imkan verir ki, tarix yazılsın və tarixdən nəticələr çıxarılsın. Obyektiv, həqiqi yaddaş düzgün və gerçək tarixin yazılmasını özündə əks etdirir.  Düzgün yazılan tarix özlüyündə bir şərəf və ləyaqət məsələsidir, keçmişə olan vicdanlı yanaşma və hörmətdir.            

XX əsrin 80-ci illərində Mirzə Fətəli Axundov adına Arçut kənd orta məktəbinin fəaliyyəti çox təkmilləşmişdi. Yetişdirdiyi şagirdlər mütəxəssislər, kadrlar, müxtəlif peşə sahibləri  olaraq çox yerlərə səpələnmişdi. Məktəbin şərəfli adını yaşatmaqda idilər. Kadrlar öz doğma məktəblərinin adına şan-şöhrət gətirirdilər.   Etiraf etmək yerinə düşər ki, bu təhsil ocağı yeniyetmə və gənclər üçün elm, təhsil,  təlim və tərbiyə məbədi olub.   Arçutda doğulan hər bir şəxs məktəbdən yaxşı faydalanıb və xoşbəxt həyat qurmaqda, sağlam və düzgün gələcək seçməkdə  bu məbəddən əməlli-başlı yararlanıb.  Təhsil məbədi öz fəaliyyət  strategiyasında və taktikasında təbiət elmlərini, humanitar elmləri dünyəvi əsaslarla təqdim etmək, öyrətmək və bununla da dünyaya açıq və aydın zehinlə baxan şəxsiyyət yetişdirməyi qarşısına ümdə məqsəd kimi qoymuşdsur.  

İnsanın keçdiyi ömür və həyat yolu  özündə ardıcıl və bağlayıcı, həm də şərtləndirici yaddaşları yaradan, xətti trayektoriyalarda ştrixlər  formalaşdıran fenomenoloji hadisələri cəmləşdirən irsi bir məktəbdir. Həyat təcrübəsi, qazanılan biliklərin tətbiqi mərkəzləri özündə məktəb funksiyasını daşıyır. Belə demək mümkünsə, insanın təhsil aldığı məktəb nəzəri, həyatda yaşadığı məktəb isə praktiki əhəmiyyət kəsb edir. Ümumi anlamda ifadə olunan məktəbdə insan dərs almış olduğu şeyləri xatırlayır, dərk edir, özü üçün bucaqları aydınlaşdırır. Qaranlıq məqamları işıqlandırır.  Keçmişi bu günlə bağlayaraq tarix yarada bilir. Tarixi məhz  yaddaşında iz buraxmış məlumatlar hesabına xronoloji ardıcıllıqla formalaşdıra bilir.   Geriyə baxanda xatırlayarkən mənalı amilləri kəşf edir, yada salır və gələcək həyatı üçün stimul hesab edir.   İnsan bu xətlərdə öz yaddaşı ilə müsbət və mənfi hadisələri həkk edir, düşüncələrinə hopdurur.  Yaddaşın ifadə olunması özlüyündə bir bilik və təlim ehtiva edən məqamları, şərtləri, hadisələri və şəraitləri doğurur. Təsvir və təsəvvür irsi və ardıcıl təsiredici gücə malik olan amilləri özündə şərtləndirir. Məktəb onun nümayəndələrinin oxşar xarakterini, davranış xüsusiyyətlərini meydana gətirir. Çünki üzvlərinə  standart bilik və tərbiyə bəxş edir.   Arçut (Ardıc) orta məktəbinin  həyatı onda bilik almış hər bir şəxsdə dərin, həm də pozitiv izlər buraxıb. Yaddaşın köçürülməsi, yazılarda həkk olunması artıq bir tarixin yazılması deməkdir.

Mən-Elşən Misir oğlu Nəsibov-1984-cü ildə doğulduğum tarixi Pəmbək Mahalının M.F.Axundov adına Arçut kənd orta məktəbinin birinci  sinifinə getmişəm. Lakin birinci sinifə getməmişdən öncə "sıfırıncı" adlandırdığımız məktəbəqədər hazırlıq sinifində oxumuşam. Bu hazırlıq kursunda demək olar ki, birinci sinifin dərslərini keçmişəm. Məktəbin ilk ruhunu hazırlıq sinifində almışam. Bu sinifə qədəm qoymaqla məktəb anlayışını dərk edə bilmişəm.  Əlifbanı, rəqəmləri, kiçik hesabı, yazmağı, oxumağı, rəsm çəkməni hələ bu ilkin hazırlıq sinifində öyrənmişəm. Bununla da birinci sinifə hazırlıqlı vəziyyətdə getmişəm. Birinci sinifdə oxumağı, yazmağı daha da təkmilləşdirmişəm.  İbtidai sinifdə təbii ki, əlifbadan ana dilinə qədər yol keçmişəm. Arçut kənd orta məktəbinin müəllimlərinin əlimdən qələm tutub yazı öyrətməyi halları  mənim maarifçilik həyatımı təmin edəcək proseslərin də  başlanğıcı demək olub.

1924-cü ildən öz fəaliyyətinə başlanğıc verən orta məktəb XX əsrin 80-ci illərində  xeyli  böyümüşdü. Valideynlərimizin oxuduqları köhnə məktəbi yeni çoxmərtəbəli məktəb binası əvəzləmişdi.  Yeni bina müasir tələblərə cavab verirdi. İşıqlı sinif otaqları və savadlı  müəllim bolluğu keyfiyyətli təhsil vermək üçün real zəmin yaratmışdı. Şərait tələb edirdi ki, zamana uyğun yaxşı mütəxəssislər yetişməsi üçün keyfiyyətli orta təhsil verilsin.  Binanın idman zalı, bufeti var idi. İdman zalı lazımi avadanlıqlarla təmin edilmişdi. Zalda idman dərsləri keçirilir, müxtəlif turnirlər təşkil olunurdu. Qışda mini futbol, voleybol və basketbol oyunları təşkil edilirdi. Zalın böyüklüyü buna imkan verirdi. Məktəb müasir tələblərə cavab verən təlim və məşq təqdim edə bilirdi. Səhərlər dərslər başlamamışdan öncə bütün siniflərin şagirdləri üçün 10-15 dəqiqə idman, bədən tərbiyəsi məşqləri keçirilirdi. İbtidai siniflərdə məktəb biz uşaqlara hər səhər süd və peçenye, şirin çörək  verirdi. Sağlamlığımızın qeydinə qalırdı.

Arçut orta məktəbinin müasir şəraiti və kifayət edən bazası, kadr potensialı yüksək səviyyəli orta təhsilin verilməsi zərurətini özündə ifadə edirdi. Məktəb bir tərəfdən müxtəlif sahələrt üzrə mütəxəssis yetişdirməyə çalışır, digər tərəfdən də müəllim kadrların hazırlanması üçün öz tədbirini görürdü, proqramını yerinə yetirirdi. 

Kənd orta məktəbi çoxlu dəyərləri ilə yadda qalıb. Belə ki, məktəbdə elə bir mühit var idi ki, ruhu sağlamlığımız üçün fayda verirdi. Məktəbin xoş aurasından qıdalanırdıq. Hər gün məktəbə getmək üçün tələsiyirdik. Çünki  nizamlı və şən həyatı bizi çox cəlb edirdi. Məktəbin nizam-intizamı sanki düşüncələrimizi və əməllərimizi sistemləşdirir və nizamlayırdı. Nizam-intizam ruhumuza hopub bizi dəyərli, cəmiyyətə, elə-obaya, icmaya yararlı bir şəxsə çevirirdi. Məktəb coşan ruhumuzun bir məkanı idi. Əsil uşaqlığımızı bizə yaşadırdı. Bunu bir neçə istiqamətdə edirdi: birincisi,  qavrayacağımız səviyyədə, həcmdə bizə dünyəvi, təbiət   biliyi  verirdi. Biz o bilikdən xüsusi zövq alırdıq. Həvəslə oxuyurduq, qavrayırdıq, öyrənirdik.  Çalışqan idik; ikincisi, bizə oturub-durmaq, böyüklərlə danışmaq, həyatda necə davranmaq qaydalarını öyrədirdi. Böyüklərə müraciət formalarını öyrənirdik. Vaxtında yatmaq, dərsləri öz vaxtında hazırlamaq, əylənmək və istirahət etmək zamanlarının ardıcıllığını öyrədirdi; üçüncüsü, sağlamlığımızın qeydinə qalırdı. Vaxtında vaksinlər vurulurdu. Şagirdlər vaxtlı-vaxtında tibbi müayinədən keçirdi. Bizə yeməklər verirdilər.  Hər il təzə kitablar paylayırdılar. Biz də kitabları çox sevirdik. Səhifələrini cırıb korlamırdıq. Əksinə, üzlüklər çəkirdik. Cırılmış səhifələrini yapışdırırdıq.   Göz bəbəyi kimi qoruyurduq; dördüncüsü, gigiyenik qaydaları öyrənirdik. Təmiz və səliqəli, ütülü  geyinmək, üz-başın səliqəli olması, dırnaqların vaxtında tutulması, saçların qısa kəsdirilməsi  şərt idi. Müəllimlərimiz daim bizi yoxlayırdılar. Təmizkomlar gigiyenaya nəzarət edirdilər. Əxlaq təlimləri, tərbiyə demək olar ki, bir kodeks idi. Normalar və qaydalar bir arada toplanmışdı, məcmulaşmışdı. Sanki bizi yetişdirmək, gələcəyə sağlam hazırlamaq  üzərində qurulmuşdu.   Biz o zaman bu tələbləri bəlkə də qiymətləndirə bilmirdik. Zaman keçdikcə onun əhəmiyyətini dərk etməyə başladıq. İndi dərk edirik ki, bütün bunlar bizi cəmiyyətə layiqli şəxsiyyətlər yetişdirmək məqsədini güdürdü. O  dövrün nizamından  yaxşıca faydalanmışdıq. Məktəb bir məbəd olaraq neqativləri aradan qaldıran, pozitivləri yükləyən islahatçı məbəd rolunu oynayırdı.

Məktəbin zəngin kitabxanası var idi. Sinifdənxaric oxu üçün istifadə edirdik. Böyüklər bədii ədəbiyyatı çox oxuyurdular. Kitabxana fondundan əməlli-başlı faydalanırdılar. Məktəbdə biz pionerlər qəzetə abunə olmuşduq. Hər dəfə alırdıq. Bizə çox maraqlı gəlirdi. Eyni zamanda uşaqlar üçün dövrü jurnallar da alırdıq və həvəslə oxuyurduq.

Məktəbimizdə  mülki müdafiə hazırlıqlarına ciddi yanaşılırdı. Yadımdadır, Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı ilin aprel ayında  baş verən qəza ilə əlaqədar olaraq   məktəbimizdə əməlli-başlı mülki müdafiə tədbirləri keçirilmişdi. Bizə əleyhqazlardan istifadə etməyi öyrətmişdilər. Deyirdilər ki, bu vasitələr insanların tənəffüs orqanlarını, gözlərini və üzünü zəhərləyici  radio aktiv maddələrdən qoruyur. Həm də bakterial ünsürlərdən qoruyur. Bizə insanları xilas etmək üçün təlimatları göstərirdilər. Sığınacaqlarda necə gizlənməyi və qorunmağı  başa salırdılar. Xəstələrə yardım təlimlərini keçirdilər.

Hər il bizlərə yeni məktəb formaları alınırdı. Bu, artıq bir bayram ənənəsinə çevrilmişdi. Məktəbli formasına hörmətlə yanaşırdıq.  Yadımdadır, aşağı əyilib tez-tez ayaqqabılarımızı silirdik. Cibimizdə bunun üçün xüsusi dəsmal gəzdirirdik. Şalvarlarımız və köynəklərimiz ütülü və səliqə-səhmanlı olmalı idi. Məktəb çantalarımıza dəftər, kitab,  qələm, xətkeş, sirkul, pozan   və karandaşları,  eləcə də digər ləvazimatları səliqə ilə yerləşdirirdik. Bu prosesin özü belə ruhumuzu nizamlı saxlayırdı. Məktəb qayğı mərkəzi idi. Bütün şagird və müəllimləri nəzər diqqətdə saxlayırdı.  Məktəb bizə əşyalarımıza belə hörmətlə yanaşmağı öyrədirdi.

Məktəb formaları əyin -başımızı xüsusi bəzəyirdi. Qızların saçlarına bağlanan bantların da öz estetik görünüşü var idi.  Hər gün  şirin çay içdikdən sonra səhər-səhər  dərsə getmək, günorta dərsdən qayıtmaq vərdiş olunmuş ənənə idi. Məktəb yolunda hər gün addımlamağın özü bir sağlamlıq idi.  Məktəbə gedə bilməyəndə darıxırdıq. Xəstələnib dərsdən qalmaq istəmirdik. Həmin gün bizim üçün bir itki idi.  Sinifimizi görməyə tələsiyirdik. Sinifimizin səliqə-səhmanına xüsusi fikir verirdik. Dibçəklərdəki gülləri sulayırdıq. Partaları və oturacaqları təmiz saxlayırdıq.  Məktəbli formalarında, o cümlədən  qırmızı qalstuklarda və döş nişanlarında, əllərdə çanta  məktəbə kollektiv şəkildə getmək və qayıtmaq ortalıq (məktəb) yolunu bəzəyirdi. Təbii ki, bu bir festival ənənəsi idi. Hər  gün məktəb yolunun bəzədilməsi onu tamaşa edən böyüklər üçün  də çox xoş mənzərə yaradırdı. Hiss edirdik ki, onlar bu mənzərədən çox xoşlanırlar. Bizə baxıb xüsusi zövq alırlar.  Məktəbdəki dərnəklər və teatr tamaşaları, təşkil olunan konsertlər də məktəbin etik və estetik bir məbəd olmasından  xəbər verirdi. Bu məbəd mədəniyyət və incəsənət mərkəzi idi.  Məktəbin zalında, bufetdə və  açıq idman meydançasında musiqili tədbirlər olurdu. Şən əyləncələr təşkil edilirdi. Pionerə keçid xüsusi tədbirlə həyata keçirilirdi. Qalstukların və döş nişanlarının təqdimatı xüsusi bir ənənə idi. 

Müəllimə müqəddəs bir varlıq kimi baxırdıq. Elə hesab edirdik ki, müəllimlər yemək yemir, su içmirlər. Tamamilə başqa, müqəddəs məxluqlardırlar. Onlar da özlərini bizim önümüzdə çox ciddi aparırdılar. Bizim yanımızda məsuliyyətli idilər. Danışıqlarına, davranışlarına, əyin-başlarına  xüsusi fikir verirdilər.  Şagird önündə nüfuzlu qalmaq müəllim şəxsiyyətinin əsas göstəriciləri idi.  Müəllimlərimiz həm dərs verən, həm də təlim-tərbiyə bəxş edən şəxslər idilər. Bizi sözün əsil mənasında yararlı, bu baxımdan yüksək düşüncəli, ali davranışlı şəxsiyyət kimi cəmiyyətdə görmək istəyirdilər. Oxumaq, dərin biliklərə sahib olmaq  ciddi tələb idi. Müxtəlif sahələr təbliğ və təşviq olunurdu. Bizə zehni və fiziki əməyin harmoniyasını təbliğ edirdilər. Hər iki əmək formasında böyük zəhmətin olmasını vurğulayırdılar. Oxuyanlar zehni əmək, fiziki işləyənlər isə fiziki əmək sərf edirlər, deyirdilər.  Kəndli və fəhlə peşələrini yaxşı mənimsəmək yollarını öyrədirdilər.

1984-1987-ci tədris  illərində ibtidai siniflərdə (1-3-cü siniflər) birmərtəbəıi binada  oxuyurduq. Ancaq məktəbin üçmərtəbəli yeni binasında dərs keçmək üçün darıxırdıq, tələsiyirdik. Dördüncü sinifə tez adlamaq istəyridik. Binaya tez-tez boylanırdıq.  Bu binada yuxarı sınıf şagirdləri dərslər keçirdilər.  Biz də onların cərgəsinə qoşulmaq istəyirdik.

Məktəb yolunun qış fəsli də çox maraqlı olurdu. Üzüaşağı məktəb yolu ilə sürüşə-sürüşə gedirdik. Qar topu oynamağın da ki, öz ləzzəti var idi.

Məktəbin təzə binasının önündə hərdən silahlar atmağı bizə öyrədirdilər. Hərb  müəllimi təlim silahlarından istifadə edərək bizə onunla davranmağı və istifadəni öyrədirdi. Yerə uzanıb öndəki nişanı hədəf alırdıq. Patronlardan çıxan qoxuların da bir başqa ləzzəti var idi. 

Yazda isə çiçəklərin açması və məktəb formalarında şagirdlərin axını, yürüşü, ortalıq yolda  addımlamaları gözəl bir harmoniya yaradırdı. Payızda isə sərin küləklər yollarda olan solmuş,   xəzanların saralmış  yarpaqlarını  süpürürdü. Təbii ki, bütün bu təbiət hadisələrinin bizim psixikamıza, psixi durumumuza öz müsbət təsirini biz sonralar hiss etmişik. Bu gün nostalji hisslərdə məhz o illəri xatırlamaqla öz ruhumuzu təzələyir və keçmişə, uşaqlığa qayıtmaqla cavanlaşırıq.

Son zəng gələndə məktəb yolu bambaşqa bir zövqlü mənzərəyə çevrilirdi. Yasəmən gülü bütün yolu bəzəyirdi. Ən yadda qalan hadisə son zəng idi. Yaxşı yadımdadır, biz birincilər onuncuların önündə sıra ilə düzülür onlara güllər təqdim edirdik. Onlar da bizə hədiyyələr verirdilər.

Məktəbdə əla və yaxşı oxumaq uğrunda sözün əsil mənasında rəqabət gedirdi. Müəllimlər böyük həyəcan yaradacaq  səhnəni, suallaşma və cavablar deyilən bilik yarışmasını, turnirini təşkil edirdilər. O yadımdadır ki, məktəbdə əla oxumağa görə kənddə yaxşı ad çıxaran şagirdlər olurdu. Hər bir şagirdin də öz azarkeşi var idi. Bu azarkeşlər arasında söz-söhbət yaranırdı. Mübahisə, polemika təşkil olunurdu. Hərə öz namizədini tərif edirdi. Kənddə, "filankəsin oğlu o qədər biliklidir ki, artıq kiçik yaşlarından qəzet oxuyur", deyə fikirlər səslənirdi. Həm də "öz beynindən şeirlər yazır", " Elə biliklidir ki, yerin altını və üstün bilir"...kimi fikirlər səslənirdi. "Biliyinə görə Lomonosovdur, Mendeleyevdir, Eynşteyndir, Nyutondur...Bir mətni bir dəfə oxuyur, nöqtə və vergülünə qədər əzbərdən danışır..." kimi şüarlar, fikirlər  səslənirdi. Bu da özündə biz yaxşı oxuyanlarda həvəs oyadırdı.  Hər il yaxşı oxuyanlara fəxri fərmanlar verilirdi. Bu təqdimat zallarda xüsusi təntənə ilə həyata keçirilirdi. Fəxri fərmanı qəbul etmək üçün səhnəyə çıxmaq həm şərəf, həm də həyəcan məsələsi idi. Alqışları qəbul etmək çox sevindirici idi. Müəllimlər valideynlərimizi görən kimi çalışqan olduqlarımıza görə  ünvanımıza təriflər yağdırırdılar. Valideynlərimizin bundan qəlbi sevinir, həyəcandan gözləri yaşarırdı.  Yaxşı və əla oxuyanların, özlərini tərbiyəli aparan şagirdlərin valideynləri əksər hallarda valideynlər iclaslarına çağrılmırdılar. Buna ehtiyac görülmürdü.  Həmin valideynlər iclaslara qatılsalar da xoş təəssüratlarla ayrılırdılar.

Məktəbin yeni binasında şərəf lövhəsi asılmışıdı. Həmin lövhədə qabaqcıl şagirdlərin sıra ilə şəkilləri var idi. Lövhə bizim üçün əlçatmaz idi. Çünki bura hələlik  yuxarı sınıf şagirdlərinin şəkilləri asılırdı. Çox çalışırdıq ki, bizim də həmin lövhədə şəkillərimiz asılsın. Bu baxımdan da rüblükdə qiymətlərimizin aşağı düşməsi qəbul olunmurdu. Həm də o zaman əlaçı şagirdlərə verilən qızıl medallar barədə düşünürdük.  Bizə deyirdilər ki, məktəbdə qızıl medal alan şagird abituriyent olanda ali məktəbə qəbul üçün cəmisi bir imtahan verir. Ondan əla qiymət alanda ali məktəbə qəbul olunmuş hesab olunur. Bu, bizə istiqamət verir, ciddi həvəs yaradırdı. Əlaçı oxumaq bir status idi. Bütün rüblərdə əlaçı olmaq şərəf idi. Ondan aşağı enmək heç qəbul olunmurdu. Öz şəxsiyyətimizə sığışdırmırdıq. Əlaçı şagirdlərin kənddə əvəzsiz hörməti var idi. Əlaçı olmaq böyüklərin danışıq və fəxarət mövzusu idi.

Siniflərdə açıq dərslər və yoxlamalar olurdu. Biz çox ciddi hazırlaşırdıq. Dərslərə əla cavablarla sinifin üzünü "ağardırdıq".  Müəllimlərimizdən təşəkkürlər qazanmaq, alqışlar qəbul etmək  bizim üçün həyatın əsas mənalarından idi. Müəllimlər öz əla oxuyan şagirdlərini örnək olsun deyə, digər siniflər önündə dərs danışdırırdılar. Məsələn, yadımdadır, mən öz tarix dərsimi intonasiya ilə böyük siniflər önündə danışmışam.  Düzdür, böyük siniflər önündə dərs danışmaq bir qədər məsuliyyətli idi. Utancaqlıq yaradırdı. Bu yolla da əyani olaraq əlaçı olmağımız barədə məlumatlar yayılırdı. Yuxarı siniflər bizi nümunə kimi göstərirdilər.  Çox yaxşı yadımdadır, yuxarı siniflərin istedadlı şagirdlərini divar qəzeti hazırlamaq üçün cəlb edirdilər. Əla oxuyan şagirdlərə müəllimlər digər şagirdlərin dəftərlərini yoxlamağa verirdilər. İnam və güvənc çox idi. Bəzən əlaçı şagirdlər üzrlü səbəbdən dərsi buraxan müəllimləri də əvəzləyə bilirdilər. Bu artıq ənənə halını almışdı.

Məktəbdə sakit olmalı və dəcəllik, nadinclik etməməli idik. Dərsi poza bilməzdik. Sakitciliyə riayət etmək bir şərt idi və əxlaq qaydasını özündə daşıyırdı.  Dərsi pozmaq, səs salmaq  bizim üçün heç də məqbul hesab olunmurdu. Müəllimlərimiz və evdə böyüklərimiz deyirdilər ki, nizam-intizamla, tərbiyə ilə bilik qardaşdır. Yanaşı olmalıdır. Tərbiyə olmayanda alınan bilik heç nədir. Müəllimlərimizlə valideynlərimiz arasında olan münasibətlər bizlərin yetişməsinə xidmət edirdi. Bu münasibətlərdən irəli gələrək hərdən müəllimlərdən daha çox çəkinirdik. Onlara hörmət edirdik. Yanlarında və önlərində məsuliyyətimiz daha da çoxalırdı.   Müəllim peşəsi valideynlərimiz və biz şagirdlər üçün müqəddəs sayılırdı. Həm də çoxlarımız bu peşəyə yiyələnmək istəyirdik. Bəzilərimiz üçün də hətta əlçatmaz kimi görünürdü; çünki peşə  ucada, ali zirvədə qərarlaşmışdı. Müəllimlərimiz ictimaiyyət nümayəndələri hesab olunurdular. Tədbirlərin, məclislərin, adət-ənənələrin aparıcı qüvvələri idilər. Yol göstərir, istiqamət verirdilər. Adət-ənənənələrin icrasında, ayinlərdə  yaxından iştirak edirdilər.

İbtidai sinifi bitirib həvəslə dördüncü sinifə başlamışdıq. Arzularımız, istəklərimiz fidana, cavan ağaca bənzəyirdi.  1987-1988-ci tədris ili idi.  Artıq yeni fənlərlə rastlaşmışdıq. Yeni fənlər dərs yükünü artırmış, məsuliyyət yaratmışdı. Lakin çox maraqlı gəlirdi. Məktəbin yeni binasına köçmüşdük. İlk baxışdan sinif otaqlarındakı əyani vəsaitlər bizim üçün tam yenilik idi. Rəngarənglik və məna çalarlığı bəxş edirdi.  Yeni sinif rəhbərimiz var idi. Otağımız çox səliqəli və işıqlı idi. Ədəbiyyat kabinetində, sinifində divardan dahi mütəfəkkirlərin, ədiblərin şəkilləri asılmışdı. Tez-tez divara boylanır, onların doğum və ölüm tarixinə baxırdıq. Onlarla öyünürdük. Botanika və zoologiya dərs otağında  da gözəl əyani vəsaitlər mənzərəsi var idi.  Düzdür, kimya fənni hələ keçmirdik. 1987-1988-ci dərs ili idi. Lakin kimya otağında bizə filmlər nümayiş olunurdu. Kimya kabinetinə girəndə elə bil hansısa böyük bir müəssisənin laboratoriyasına daxil olurduq. O dərəcədə valehedici idi.

Məktəbin birinci mərtəbəsində şagirdlərə verilən qiymətlərin bənzədilməsini özündə ehtiva edən rəsmlər var idi. Məsələn, iki qiyməti alan şagirdlər tısbağa belində, kafi qiymət alanlar at belində, yaxşı qiymətlər alanlar avtomobildə, əlaçılar isə təyyarədə gedənlər  kimi göstərilirdi. Bununla da nailiyyətlər və mənzil başına çatmaq üçün sürəti əks etdirən minik vasitələri müqayisə olunaraq dərəcələndirilirdi.  Məktəbdə yaradılmış Tarix diyarşünaslıq muzeyi özünün eksponatları ilə çox zəngin idi. Həmin muzey kəndimizin zəngin irsini və mədəniyyətini ifadə edirdi.

Müəllimlər öz yetirmələri ilə öyünür, şagirdlərinin nailiyyətləri ilə fəxr edirdilər. Arçut orta məktəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1988-89-cu tədris ilinin yarısında artıq tam şəkildə bağlandı. Öz müəllimlərini və şagirdlərini intizarda qoydu. 1924-cü ildən başlayan ömrü yarımçıq kəsildi. Gələcək planları, layihələri iflasa uğradı.  Ancaq onun yetirmələri bir an belə məktəbi unutmadılar. Hər yanda məktəbin uca adını şərəflə təmsil etdilər, yaşatdılar.  "ARDIC" Hərəkatının ideyası ilə   2024-cü ilin may ayının 26-da  özünün  100 illik Yubileyini Bakı şəhərində təntənə ilə qeyd etdi. Hərəkatın "Arça" Düşüncə Mərkəzi bu layihənin reallaşmasında yaxından iştirak etdi.

Arçut kənd orta məktəbi Arçut əsilli yeniyetmə və gənclər üçün öz şagirdlərinin yaddaşlarında bir nümunə qoyub, əbədilik həkk edib. Bu əbədilik dəyərləri irsən ötürülməlidir.

Arçut kənd orta məktəbinin bəzi yetirmələri bu gün  "Arça" Düşüncə Mərkəzində cəmləşiblər. Öz düşüncələri ilə çıxış edir, konsepsiyalar üçün layiqli töhfələr bəxş edirlər.  Vaxtilə məktəbin onlara bəxş etdiyi biliklərdən yararlanaraq, məktəbin etdiyi yaxşılıqlardan irəli gələrək, indi həmin elementləri məktəbin özünə qaytarırlar.

Arçut kənd orta məktəbinin fəaliyyətini öyrənmək kənd əsilli gənclərə mühüm faydalar verər və düşüncələrini daha da təkmilləşdirər. Özünüdərk yolunda müəyyən qazanclar bəxş edər.

                            Elşən Misir oğlu Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. "ARDIC" Hərəkatının və "Arça" Düşüncə Mərkəzinin  təsisçisi və məsul katibi. Qərbi Azərbaycan İcmasının üzvü

24-26  yanvar 2025-ci il

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
9
olaylar.az

10Mənbələr