91 yaşlı Kamerun prezidenti yenə namizəd oldu
Kamerun Prezidenti Pol Biya 12 oktyabr 2025-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini rəsmən irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CameroonOnline” məlumat yayıb.
Məlumata görə, onun qərarını Milli Assambleyanın (parlamentin aşağı palatası) sədri Cibril Kavaye Yeqie elan edib.
Bu il fevralın 13-də Biyanın 92 yaşı tamam olacaq. O, səkkizinci dəfə prezidentlyə namizəd olacaq.
Qeyd edək ki, Pol Biya müstəqillik əldə etdikdən sonra Kamerunun ikinci prezidentidir. Onun sələfi Amadu Ahico isə 1960-1982-ci illərdə ölkəyə rəhbərlik edib.
Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra Biya dünyanın ən yaşlı dövlət başçısı olub.
Digər tərəfdən o, dünyada hakimiyyətdə ən uzun müddət olan (41 ildən çox) dövlət başçıları arasında ikinci yerdədir. Birinci yer Ekvatorial Qvineya lideri Teodoro Obianq Nqema Mbasoqoya məxsusdur. O, ölkəyə 1979-cu ildən (46 ildən çox) rəhbərlik edir.
Xatırladaq ki, Kamerun Konstitusiyası dövlət başçısının yaşını və ya ən yüksək vəzifədəki müddətlərin sayını məhdudlaşdırmır.