Almatı məhkəməsi hakimiyyətin kriminal avtoritet adlandırdığı Arman Cumageldiyevi ("Vəhşi Arman"), Milli Təhlükəsizlik Komitəsinin polkovniki Ruslan İskakovu və şəhərin yerli qanunverici orqanının deputatı Kayrat Kudaybergeni 2022-ci ilin yanvar ayında iğtişaşlar təşkil etdiklərinə görə müvafiq olaraq 20, 15, 6 və 8 il müddətinə azadlıqdan məhrum edib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Sözügedən şəxslərin işi məhkəməyə bir ildən çox əvvəl daxil olub. "Vəhşi Arman" 2022-ci ilin yanvar ayında təşkilində ittiham olunduğu talanlardan dərhal sonra həbs edilib. Onunla birlikdə daha altı nəfər saxlanılıb, onlardan müxtəlif markalı və çaplı dörd ədəd yarımavtomat tapança, döyüş sursatı, soyuq silah və zirehli avtomobil müsadirə edilib.
Baş Prokurorluqdan bildiriblər ki, "Vəhşi Arman" iğtişaşlar təşkil etməli, kütləni nəzarətə götürməli, hakimiyyətə vahid ultimativ tələblərin irəli sürülməsi üçün xalq şurası yaratmalı idi.
İstintaqın versiyasına görə, "Vəhşi Arman" iğtişaşlar zamanı insanları oğurlayıb. Onun silahlı adamları 24 dinc vətəndaşı oğurlayaraq zorla saxlayıblar. Onları əvvəlcə bir yerdən başqa yerə aparıb, döyüblər, nəticədə bir nəfər vəfat edib.